AZ

Badam xaricə 8 manata, özümüzə 19 manata satılır...


Akif Nəsirli: “Daxildəki qiymət azad bazar prinsipləri ilə, təklif və tələb əsasında formalaşır”

Son illərdə Azərbaycanda əkin sahələri və istehsalı böyük sürətlə artan çərəz meyvələr arasında badam xüsusi yer tutur. Badamın dünya bazarında kifayət qədər baha qiymətə satılması ona marağı artırır. Ümumiyyətlə, dünyada badamın 50-yə qədər növü var. Badam bitkisinin ləpəsinin 90 faizi yeyinti, 5 faizi tibb və 2 faizi ətriyyat sənayesində istifadə olunur. Badam bitkisi ləpəsinin yağlılığına və yüksək qidalılığına görə qiymətləndirilir.

Məlumat üçün bildirək ki, bu ilin ilk 7 ayı ərzində Azərbaycandan xarici ölkələrə 261,7 ton qabığı təmizlənmiş badam (badam ləpəsi) ixrac olunub. İxrac olunan badam ləpəsinin 1 kiloqramının orta gömrük dəyəri 5,1 dollar (8,7 manat) olub.

Qeyd edək ki, Azərbaycan badam ləpəsini aşağıdakı ölkələrə satıb:

Rusiya – 154,2 ton (1 kiloqramı 9,4 manata);

Türkiyə – 60 ton (1 kiloqramı 8,2 manata);

İtaliya – 47,3 ton (1 kiloqramı 6,8 manata);

Almaniya – 0,14 ton (1 kiloqramı 11,2 manata);

Niderland – 0,04 ton (1 kiloqramı 10,2 manata).

Məlumat üçün bildirək ki, Azərbaycan xaricə badam ləpəsi satdığı kimi, xaricdən də ölkəyə 336,3 ton badam ləpəsi idxal edib. İdxal olunan badamın 1 kiloqramının orta gömrük dəyəri 6,8 dollar (11,5 manat) olub. Badam ləpəsi əsasən (94%-i) ABŞ-dən idxal edilib. Belə ki, bu ilin ilk 7 ayında Azərbaycan ABŞ-dən 315,5 ton badam ləpəsi idxal edib. ABŞ-dən gətirilən badam ləpəsinin 1 kiloqramının orta gömrük dəyəri 6,7 dollar (11,4 manat) olub.

Onu da qeyd edək ki, bu ilin avqust ayında Azərbaycanda marketlərdə satılan yerli istehsal badam ləpəsinin 1 kiloqramının orta satış qiyməti 18 manat 85 qəpik, idxal olunan badam ləpəsinin 1 kiloqramının orta satış qiyməti isə 21 manat 75 qəpik olub.

Qeyd etdiyimiz kimi, Azərbaycan badamı 9 manata ixrac edir, ancaq daxildə 19 manata satılır.

“İxrac isə bəzən topdansatış şəklində, qablaşdırmadan və ya minimal emal ilə həyata keçirilir, bu da qiymət fərqinə təsir edir”

Məlum vəziyyətlə bağlı fikir bildirən Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, daxildə satış qiyməti ilə ixrac qiyməti arasındakı fərqin səbəbləri var: “Birincisi, ixrac gömrük dəyəri istehlakçıya təqdim edilən bazar qiymətinə bərabər deyil. İxrac olunan badam ləpəsinin orta gömrük dəyəri 5,1 dollar (8,7 manat) olub. Bu, sadəcə xarici ölkəyə çıxarılan malların gömrük və ilkin ixrac qiymətidir. Amma marketdə satılan qiymət daha yüksək olur, çünki o qiymət bir neçə əlavə xərci əhatə edir. Əlavə xərclər dedikdə, bura marketdəki qiymətə daxil olan xərclər nəzərdə tutulur. Nəqliyyat xərcləri (istehsalçıdan marketə qədər), anbarlama, logistika xərcləri, vergilər və əlavə dəyər vergisi (ƏDV) və marketin qazancı da qiymətə təsir edir”.

Həmsöhbətimiz ixrac və daxili bazar strategiyası fərqi barəsində bunları dedi: “İxrac zamanı istehsalçılar qiyməti xarici tələbat və rəqabətə uyğun müəyyən edirlər. Xarici bazarlarda qiymət yüksək və ya sabit olmalıdır ki, məhsul rəqabət qabiliyyətini itirməsin. Buna görə də, ixrac qiyməti daxili qiymətdən aşağı görünə bilər. Daxildəki qiymət isə azad bazar prinsipləri ilə, təklif və tələb əsasında formalaşır. Əgər daxili bazarda badama tələbat yüksəkdirsə, qiymət daha yüksək olur. İxrac qiyməti dollarla göstərilir, daxili satış manatla. Manatın dollar qarşısındakı məzənnəsi və dəyişkənliyi də qiymət fərqinə təsir edir. Onu da nəzərə almaq lazımdır ki, marketdə satılan badam ləpəsi adətən qablaşdırılmış, market tələblərinə uyğun məhsul olur. İxrac isə bəzən topdansatış şəklində, qablaşdırmadan və ya minimal emal ilə həyata keçirilir. Bu da qiymət fərqini artırır.

Yəni ixrac qiyməti ilə daxili satış qiymətinin 2 dəfədən çox fərqlənməsi normaldır, çünki daxili qiymət istehsalçı xərclərini, logistik xərcləri, market marjasını və vergiləri əhatə edir, ixrac qiyməti isə sadəcə gömrük dəyəridir və xarici bazar üçün təyin olunur. İxrac edilən Azərbaycan məhsulunun xarici pərakəndə qiyməti əslində Azərbaycan bazarındakından da bir qədər bahadır”.

Günel CƏLİLOVA

Seçilən
97
baki-xeber.com

1Mənbələr