
Sosial mediadan bankçılığa, oyundan təhsilə qədər hər şeyi əhatə edən alqoritmlər və nəzarət şəbəkələri bəşəriyyəti kütləvi iflasa sürükləyir.
Reyting.az xəbər verir ki, Kanadanın Kalqari Universitetinin sosiologiya üzrə professoru Dean Curran yaxınlaşan qlobal “rəqəmsal apokalipsis”lə bağlı xəbərdarlıq edib.
Qeyd olunur ki, texnologiya həyatımıza nüfuz etdikcə, sürətli rəqəmsallaşma böyük bir böhrana da səbəb ola bilər.
“Siz paranoyak deyilsiniz, divarlar həqiqətən üzərinizə yaxınlaşır”,-professor bildirib.
Curran iddia edir ki, müşahidə şəbəkələri, mənfəətə əsaslanan alqoritmlər və nəzarətsiz rəqəmsal infrastruktur artımı cəmiyyətləri kütləvi dağılma və manipulyasiyaya qarşı həssas edir. Bu təhlükələr çoxdan məlum olsa da, o, ciddi tədbirlərin yalnız böyük sistem böhranından sonra görüləcəyinə inanır.
“Görünür, böyük bir ictimai böhran baş verənə qədər bu risklərlə bağlı çox az iş görüləcək”,- alim vurğulayıb.
Potensial çöküşün necə baş verəcəyini proqnozlaşdırmaq çətindir. Bununla belə, Curran elektrik enerjisi və telekommunikasiya infrastrukturunun kiberhücumlar tərəfindən məhv edilməsi və ya mövcud sistemlərin xarici müdaxilə ilə iflic olması ehtimalına işarə edir. 2017-ci ildə “WannaCry ransomware” proqramı və keçən il on minlərlə sistemə təsir göstərən “CrowdStrike” kəsilməsi bu zəifliyin ilkin əlamətləri kimi qəbul olunur.
Professor onu da əlavə edib ki, rəqəmsal dünyada 2008-ci il qlobal iqtisadi böhranına bənzər bir ssenari baş verə bilər. Lakin bu dəfə fərq ondadır ki, süni intellekt mövcud zəiflikləri sürətləndirir. Halüsinasiyalar, dezinformasiya partlayışı və nəzarətsiz alqoritmlər böhranı daha da dərinləşdirə bilər.
Curranın sözlərinə görə, əsl problem rəqəmsal iqtisadiyyata nəzarət etməli olan qurumların texnoloji nəhənglərə qeyri-məhdud azadlıq verməsidir. Böyük korporasiyalarda insanların evləri, biznesləri və şəxsi məlumatları ilə virtual “təcrübə azadlığı” var.
Xəbərdarlıq aydındır: qərar verənlər böyük bir sarsıntı ilə üzləşənə qədər bəşəriyyəti “rəqəmsal çöküşün astanasında gözləməkdən” başqa yolu qalmayacaq.
Y. QACAR