AZ

Səttar Möhbalıyev: İşğaldan azad olunan Cəbrayıl inkişaf və quruculuğa doğru qətiyyətlə addımlayır



Azərbaycanın müasir tarixində Cəbrayıl rayonunun yeri və rolu həm faciələrlə, həm qəhrəmanlıqla, həm də böyük qayıdışla yadda qalmışdır. Bu torpaq XX əsrin sonlarında Ermənistanın işğalçı siyasətinin qurbanı oldu, lakin XXI əsrin əvvəlində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə azadlığa qovuşaraq yeni həyatın təməlini qoydu. 4 oktyabr – Cəbrayıl şəhəri günü təkcə bir bölgənin azad olunmasının deyil, bütöv Azərbaycanın möhtəşəm zəfərinin rəmzi kimi əbədiləşdirilib. İşğal illərinin acı mirası və dağıntıları bu gün də qalmaqdadır.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, 1993-cü ilin 23 avqustunda Ermənistan Silahlı Qüvvələri Cəbrayılı işğal etdi. Bu zaman rayon 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. 52 min nəfər əhalisi olan, elm, mədəniyyət və iqtisadi potensialı ilə seçilən bir bölgə yerlə-yeksan edildi. İşğal nəticəsində Azərbaycan dövlətinə və xalqına 13,9 milyard ABŞ dollarından çox maddi ziyan vuruldu. 72 məktəb, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, sənaye müəssisələri, kənd təsərrüfatı məhv edildi. Bir zamanlar üzümçülüyü, heyvandarlığı, ipəkçiliyi və sənayesi ilə seçilən Cəbrayıl tamamilə viran qoyuldu. İnsan itkisi isə daha ağır idi: Birinci Qarabağ müharibəsində Cəbrayıldan 362 nəfər şəhid oldu, yüzlərlə insan əlil qaldı, 6 nəfər Milli Qəhrəman adına layiq görüldü. Məcburi köçkünlər isə ölkənin 58 rayonunda səpələndi, vaqonlarda, yataqxanalarda və çadırlarda həyat sürməyə məcbur edildi. Erməni vandalizmi yalnız mülki obyektləri deyil, tarix və mədəniyyət nümunələrini də hədəfə aldı. Xudafərin körpüləri, qədim türbələr, hamamlar, məscidlər, muzeylər dağıdıldı, tarix silinməyə çalışıldı. Bu, işğalçıların mədəni soyqırım siyasətinin bariz nümunəsi idi.

Millət vəkili onu da bildirib ki, 27 ildən sonra, 2020-ci ilin Vətən müharibəsində Cəbrayıl öz azadlığına qovuşdu. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də daha bir sıra yaşayış məntəqələri, 4 oktyabrda isə Cəbrayıl şəhəri və 9 kənd işğaldan azad edildi. Cəbrayıl əməliyyatı strateji əhəmiyyəti ilə seçilirdi. Burada düşmən çoxsaylı istehkamlar qurmuşdu. Azərbaycan Ordusunun qəhrəmanlığı və Ali Baş Komandanın qətiyyəti sayəsində bu istehkamlar yarıldı, ordumuzun Xocavənd, Hadrut, Zəngilan və Qubadlıya doğru irəliləməsi üçün yeni imkanlar yarandı. Cəbrayılın azad olunması təkcə hərbi qələbə deyil, həm də mənəvi yüksəliş idi. Azərbaycan bayrağının Xudafərin körpüsündə ucaldılması xalqımızın tarixə möhtəşəm dönüşü, milli birliyin güc göstəricisi oldu. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Bu medal və ordenlərlə on minlərlə hərbçimiz təltif olundu ki, bu da həm dövlətin qəhrəman oğullarımıza ehtiramının, həm də Cəbrayıl uğrunda döyüşlərin xüsusi önəminin göstəricisidir.
Azadlıqdan sonra Cəbrayıl sürətli bərpa və quruculuq dövrünə qədəm qoydu. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə “Araz Vadisi İqtisadi Zonası” yaradıldı, sənaye parkının rezidentlərinin sayı 12-yə çatdı. Cəbrayıl yarımstansiyası istifadəyə verildi, 4-6 zolaqlı avtomobil yollarının çəkilişinə başlandı. Bu yollar həm bölgəyə rahat gediş-gəlişi təmin edəcək, həm də Zəngəzur dəhlizi istifadəsində mühüm rol oynayacaq.
Kəndlərin baş planları təsdiqləndi. Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kimi kəndlərdə yüzlərlə fərdi ev, məktəb, uşaq bağçası, mədəniyyət və idman obyektlərinin tikintisi planlaşdırıldı. İlk köç karvanının Cəbrayıla yola salınması Böyük Qayıdışın canlı təcəssümü, tarixin qapanmış səhifəsinin yenidən açılması oldu.

Sonda deməliyəm ki, Cənab Prezident İlham Əliyevin Cəbrayıla hər səfəri xüsusi tarixi və siyasi məna daşıyır. O, işğaldan azad olunmuş bu torpaqlarda yeni həyatın təməlini qoyur, bərpa işlərinin gedişatını şəxsən izləyir, vətəndaşlara yeni imkanlar təqdim edir. Dövlət başçısının Xudafərin körpüsündə bayrağımızı qaldırması, sənaye parkının açılışında iştirakı, ilk köç karvanını Cəbrayıla yola salması bu səfərlərin rəmzi məzmununu daha da gücləndirir. Bu səfərlər xalqla dövlətin həmrəyliyini, Böyük Qayıdışın əzmini və Azərbaycanın ərazi bütövlüyünün əbədi təminatını təsdiqləyir-deyə Səttar Möhbalıyev fikrini yekunlaşdırıb. .



Seçilən
12
1
aia.az

2Mənbələr