AZ

İsrail Qəzzaya gedən gəmiləri ələ keçirdi – Türkiyə bu addımı terror hücumu adlandırdı

İsrail hərbçiləri Qəzza zolağına yardım aparan Sumud donanmasının bir neçə gəmisini ələ keçirib. Vətəninfo.az xəbər verir ki, bu barədə ilk məlumatı donanma fəalları yayıb. İsrail mediası, o cümlədən “Bu gün İsraildə” qəzeti hadisəni təsdiqləyib.

“The Times of Israel” nəşri isə bildirir ki, gəmilərin göyərtəsində olanlarla rabitə tamamilə kəsilib. Fəallar siqnalın kəsildiyini təsdiqləyərək, Qəzzaya yaxınlaşan zaman İsrail hərbi gəmilərinin onlara müdaxilə etdiyini qeyd ediblər.

Məlumata görə, İsrail qüvvələri əvvəlcə “Alma” adlı gəmini, daha sonra isə donanmaya məxsus daha bir neçə gəmini ələ keçirərək İsrailin limanlarından birinə yönləndirib. Bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

Hadisə beynəlxalq səviyyədə ciddi narazılığa səbəb olub. Türkiyə Xarici İşlər Nazirliyi İsrailin bu hərəkətlərini “terror aktı” və “beynəlxalq hüququn açıq şəkildə pozulması” kimi qiymətləndirib. Rəsmi Ankara BMT-ni təcili tədbir görməyə və bu vəziyyətə müdaxilə etməyə çağırıb.

Hazırda məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin reaksiyası gözlənilir. Gəmilərin göyərtəsində olanların taleyi və vəziyyəti barədə isə hələlik rəsmi məlumat verilmir.

Seçilən
15
veteninfo.az

1Mənbələr