“Müasir, müstəqil Azərbaycan tarixinin mühüm dönüş nöqtələrindən biri də 3 oktyabr tarixidir. Həmin gün ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi və bununla da ölkəmizin siyasi, iqtisadi və ictimai həyatında yeni bir dövrün başlanğıcı qoyuldu”.
Bu fikirləri Newscenter.az-a səsləndirən Milli Məclisin deputatı İlham Məmmədov deyib ki, 1993-cü ilin iyununda ölkədə baş verən siyasi böhran, qeyri-sabit vəziyyət Azərbaycanı parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu:
“Gəncədə baş verən hadisələr, dövlət çevrilişi təhlükəsi və ölkə rəhbərliyindəki boşluq fonunda Azərbaycan ciddi təhlükələrlə üz-üzə idi. Müstəqil Azərbaycanın Xalq Cümhuryyətinin taleyini yaşamaq təhlükəsi artırdı. Belə biz zamanda xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu. Əvvəlcə Ali Sovetin sədri seçilən ümummilli liderə daha sonra prezident səlahiyyətlərinin icrası həvalə edildi. Qısa müddətdə vətəndaş qarşıdurması və ölkəni parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyev qarşıdan gələn prezident seçkilərində xalq tərəfindən dəstək görən, güvənilən, etimad göstərilən namizəd idi. Beləliklə, 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqın böyük əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının prezidenti seçildi”.
İlham Məmmədov qeyd edib ki, bu tarixlə müstəqil Azərbaycanda yeni dövrün başlanğıcı qoyuldu:
“Ölkədə sabitlik, ona uyğun şəkildə isə quruculuq dövrü başlandı. Paralel olaraq Azərbaycanın beynəlxalq aləmdə də mövqeləri möhkəmləndi. Rəsmi Bakı öz maraqlarını qoruyaraq müstəqil siyasət yürütməyə başladı”.
Millət vəkili deyib ki, Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının taleyindəki ən böyük xidmətlərindən biri də 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması oldu:
“Bununla da ölkə iqtisadiyyatında yeni dövrün tələblərinə uyğun olaraq inkişaf dövrü başladı. Neftdən gələn gəlirlərin ölkənin qeyri-neft sektorunun inkişafına yönəldilməsi əhalinin sosial rifah halının yüksəldilməsinə öz müsbət təsirini göstərdi. Bu gün Azərbaycan dövlətinin əldə etdiyi iqtisadi uğurların təməlində də məhz ulu öndərin zamanında həyata keçirdiyi Neft strategiyası dayanır”.
Deputat qeyd edib ki, bu gün müstəqil, güclü və dünyada nüfuzlu bir Azərbaycan görürüksə, bu yolun təməli məhz 3 oktyabr 1993-cü ildə qoyulub.
Süleyman