AZ

“AQTA məhsullarda çirklənməni müəyyən etsə də, gizlədir” – Təhlükəli çaylarla bağlı QALMAQALLI AÇIQLAMA

Məşhur çay markaları olan “Tess”, “Greenfield” və “Zolotaya Çaşa”nın təhlükəsizliyi ilə bağlı ciddi şübhələr yaranıb. Rusiya Federasiyasının nəzarət orqanları bu çaylarda sağlamlıq üçün zərərli sayılan pestisidlərin normadan artıq olduğunu aşkar edib. Nəticədə, 111 tonadək çay məhsulu ölkə üzrə satışdan yığışdırılıb. Həmin brendlərin müxtəlif çeşidləri Azərbaycanda da geniş şəkildə satışdadır.

Bəs görəsən, bu məhsullara ölkəmizdə təhlükəsizlik baxımından nə dərəcədə nəzarət olunur? İstehlakçılar nə qədər məlumatlıdır və aidiyyəti qurumlar bu məsələyə necə yanaşır?

Məsələylə bağlı Bizim.Media-nın suallarını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki,  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəzi hallarda başqa ölkələrin ekspertizalarının arxasınca gedir.

“Çox təəssüflər olsun, mən hələ görməmişəm ki, Agentliyin milyon dollara hazırladığı laboratoriyalar nəyisə müəyyən etsin və buradan başqa ölkələrə məlumatlar ötürülsün. Ən azından, bunu biz mediada görməmişik: başqa ölkələr AQTA-nın bu işindən yararlansın ki, bu partiyadan olan məhsul bizdə də var və necədir”.

E.Hüseynov onu da nəzərə çatdırdı ki, bir məhsulda nəsə aşkarlanıbsa, bu o demək deyil ki, zavodun bütün məhsullarının hamısı belədir.

“Ümumiyyətlə təhlükəli, çirki məhsul müəyyən partiyaya aid olur. Rusiyada olan zərərli partiyadan Azərbaycanda da olması istisna edilmir. Ümid edirəm ki, AQTA tez bir müddətdə məsələyə müdaxilə edib yoxlama aparacaq, aşkarlanarsa həmin məhsulların geri çağırılma işini həyata keçirəcək. Çox təəssüf ki, Agentlik məhsullarda çirklənməni bəzən müəyyən edir, amma onun ictimai məhv olmasını həyata keçirmir, yaxud istəmir, gizli təşkil edir. Çox istərdik ki, məhsulların geri çağırılması və ya məhv edilməsi ictimaiyyətin gözü önündə aparılsın”.

Şəfiqə Şəfa, Bizim.Media

 

 

Seçilən
53
3
bizim.media

4Mənbələr