AZ

Ermənistan böyük prosesə hazırlaşır Bakı dəstək verir...

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Prezidenti İlham Əliyev Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak edir. Toplantının açılış mərasimindən öncə Prezidentin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü baş tutub.

Liderlərin sadə bir masa arxasında əyləşərək səmimi söhbət etməsi mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər. Liderlərin tez-tez bir araya gəlməsi, bu görüşlərin vasitəçi, “ev sahibi” və ya kənar müdaxilə olmadan baş tutması müsbət haldır.

Əslində, uzun illər münaqişənin həllinin mümkün olmamasının başlıca səbəblərindən biri də məhz belə birbaşa, rahat formatda ikitərəfli görüşlərin olmaması idi. İndi isə tərəflər arasında münasibətlərdə nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur.

Şübhəsiz ki, Vaşinqton görüşündən sonra bir sıra mühüm yeniliklər baş verib. Hər şeydən əvvəl, tərəflər arasında müharibə ritorikasına, nifrət və gərginliyə səbəb ola biləcək addımların atılmaması xüsusi qeyd olunmalıdır. İlk dəfə olaraq Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan Bakıya gəlib və “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edib. Bundan başqa, delimitasiya və demarkasiya prosesi davam edir.

Hazırda Ermənistan seçkilərə hazırlaşır və bu kontekstdə liderlərin bir araya gəlməsi, onların sülhə dair atacağı addımlar, regional əməkdaşlıq və ümumi vəziyyəti dəyərləndirmələri baxımından böyük əhəmiyyət daşıyır. İrəvan bu günə qədər sülhə heç vaxt bu qədər yaxın olmayıb. Bakı isə prosesi sona çatdırmaqda qərarlıdır.

İstisna deyil ki, tərəflər sülh müqaviləsi, Ermənistanda 7 iyun 2026‑cı il tarixinə planlaşdırılan parlament seçkiləri, Konstitusiyanın dəyişdirilməsi kimi məsələləri də müzakirə ediblər.

Subyektiv yanaşmam belədir ki, Bakı mövcud şəraitdə Nikol Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır və bu mənada birbaşa olmasa da, onun qələbəsinə qeyri-rəsmi dəstək verir. Sülhün gələcəyi baxımdan bu seçki çox mühümdür.

Turan Rzayev

Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
globalinfo.az

1Mənbələr