
Baş Dövlət Yol Polisi İdarəsi payız-qış mövsümü ilə əlaqədar sürücülərə müraciət edib.
Yeniavaz.com xəbər verir ki, müraciətdə payız və qış fəsillərində köhnə və aşınmış şinlərin istifadəsinin ciddi təhlükə yaratdığı vurğulanıb: “Uzaq səfərlər zamanı şinlərdəki nasazlıqlar isə daha tez üzə çıxır ki, buda normativ tələblərin pozulmasına, hətta şinlərin partlamasına səbəb ola bilir.
Qanunvericiliyə əsasən, avtomobil şinlərinin protektorundakı naxışların hündürlüyü normaya uyğun olmadıqda, şinlərin kord hissəsi çılpaqlaşdıqda, karkas təbəqələri ayrıldıqda, protektor və yan hissələrdə qopmalar və ya zədələr olduqda, yaxud eyni ox üzrə fərqli naxışlı şinlərdən istifadə edildikdə həmin nəqliyyat vasitəsinin istismarına yol verilməməli, nasazlıqlar mütləq aradan qaldırılmalıdır.
Bəzən də zahirən “yeni” görünən şinlər istifadə müddətinin bitməsi və ya düzgün saxlanılmaması səbəbindən yararsız olur ki, buda onların istifadəsi zamanı ağır fəsadlara gətirib çıxara bilər.
Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək bildirir ki, istənilən hava şəraitində yarana biləcək çətinlikləri təhlükəsiz dəf etmək üçün sadalanan tövsiyələr daim diqqət mərkəzində saxlanılmalıdır.