AZ

Ağasəlim Mircavadov: “Qarabağ”ın etdiyini hər komanda bacara bilmir”

“Məni bir şey çox sevindirdi. “Qarabağ” gözəl oyun göstərib qələbə qazandı. Bunu hər komanda bacara bilmir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında əməkdar məşqçi Ağasəlim Mircavadov deyib.

Onun sözlərinə görə komanda sona qədər “Kopenhagen” üzərində üstün oyununu davam etdirdi:

“Biri var təsadüfi qələbə qazanasan, biri də var oyun göstərib qələbə qazanasan. “Qarabağ” “Kopenhagen"ə qarşı gözəl futbol göstərib qələbə qazandı. Demək olar ki, hər komponentdə rəqibdən üstün oldu. Futbolçular müsbət dinamikanı sona qədər qorudu.

Düzdür, ikinci hissənin ilk dəqiqələrində bir qədər passivləşdilər. Ancaq sonradan yenidən öz oyunlarını oynamağa başladılar. Burada əvəzetmələrin də böyük rolu oldu. Biz sözlə “Qarabağ” artıq Avropa səviyyəli bir komandadır. “Kopenhagen” də zəif komanda deyil. Burada Danimarka millisinin bir neçə üzvü oynayır. Onları bu cür oyunla məğlub etmək insana əlavə zövq verir”.

Ağasəlim Mircavadov “Qarabağ”ın 6 xal toplamasına baxmayaraq futbolçuları qətiyyən arxayınlaşmamağa çağırıb:

“Bəli biz 6 xalı qazanmışıq. Ancaq bu hələ başlanğıcdır. Qarşıda “Atletik”lə səfər oyunu var. Buna qədər milli komandaların oyunu olacaq. “Qarabağ”ın əsas yerli futbolçuları millinin düşərgəsində olacaqlar. Onların yorğun qayıdacaqlarını da nəzərə almaq lazımdır. Bir sözlə Ağdam klubuna Bilbao səfəri çətin olacaq. Ancaq bir şey də var ki, “Atletik”in oyun üslubu “Qarabağ”a yaxındır. Ona görə də fikirləşirəm ki, biz çox maraqlı qarşılaşma izləyəcəyik”.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
35
50
bizim.media

10Mənbələr