1990-cı illərin əvvəllərində Azərbaycan tarixinin ən mürəkkəb dövrünü yaşayırdı. Dövlət müstəqilliyi yenicə bərpa edilsə də, ölkədaxili vəziyyət günbəgün pisləşirdi. Siyasi böhran dərinləşir, müxtəlif silahlı qruplaşmalar arasında toqquşmalar baş verirdi. Xalq arasında narazılıq artır, vətəndaş müharibəsi təhlükəsi nəzərə çarpırdı.
Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqının xilası yalnız böyük siyasi nüfuza və dövlət idarəçiliyi təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyevdən asılı idi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ümummilli Liderin Bakıya qayıdışı bu mənada tarixi dönüş nöqtəsi oldu. O, qısa müddətdə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı və ictimai-siyasi sabitliyi təmin etdi. Heydər Əliyevin müdrikliyi, qətiyyəti və uzaqgörənliyi ölkəni fəlakətdən xilas edərək yeni inkişaf yoluna çıxardı.
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri xalqın siyasi iradəsinin təntənəsi kimi tarixə düşdü. Ulu Öndər Heydər Əliyev böyük səs çoxluğu ilə dövlət başçısı seçildi və bu hadisə müstəqilliyin qorunması baxımından mühüm mərhələnin başlanğıcı oldu. Xalqın etimadı və dəstəyi ilə dövlət idarəçiliyində sabitlik təmin edildi, ölkənin gələcək inkişafına yönəlmiş strateji kursun həyata keçirilməsi mümkün oldu. Seçkilər Azərbaycan tarixində müstəqilliyin möhkəmləndirilməsi və gələcəyə inamın rəsmi təsdiqi idi.
Ulu Öndərin iqtisadi sahədə həyata keçirdiyi strateji addımlar ölkənin gələcək inkişaf modelini müəyyənləşdirdi. 1994-cü ilin sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanı beynəlxalq enerji siyasətinin aktoruna çevirdi. Bu faktorlar iqtisadi yüksəlişi təmin etməklə yanaşı, həm də ölkənin siyasi müstəqilliyinin möhkəmlənməsinə töhfə verib. Xarici sərmayələr üçün əlverişli mühitin yaradılması, bazar iqtisadiyyatına keçidin sürətləndirilməsi və sahibkarlığın dəstəklənməsi respublikanın iqtisadi dirçəlişini təmin etdi və Azərbaycanı regionda strateji enerji mərkəzinə çevirdi.
Heydər Əliyev dövlət idarəçiliyində hüquqi əsasların möhkəmləndirilməsini prioritet vəzifə kimi müəyyənləşdirdi. Onun təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində qəbul edilən Konstitusiya Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişaf yolunu təsbit etdi. Bu amillər ölkədə qanunun aliliyini təmin etdi, insan hüquq və azadlıqlarını qoruyan hüquqi çərçivə yaratdı. Hüquqi dövlət quruculuğu prosesi həm də vətəndaş cəmiyyətinin formalaşmasına zəmin hazırladı, demokratik ənənələrin təşəkkülünə təkan verdi.
Ulu Öndər Heydər Əliyev milli həmrəylik prinsiplərinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. Onun irəli sürdüyü azərbaycançılıq ideologiyası xalqı ortaq dəyərlər və məqsədlər ətrafında birləşdirərək milli birliyin əsaslarını yaratdı. Bu konsepsiya həm müstəqilliyin qorunması naminə vacib vasitə olmaqla yanaşı, dövlətçilik ənənələrinin inkişafı və gələcək nəsillərə ötürülməsi üçün strateji baza rolunu oynadı. Azərbaycançılıq ideologiyası, həmçinin, ölkənin siyasi sabitliyinin və sosial həmrəyliyin təmin olunmasına zəmin yaratdı.
Dövlətin gücünü təmin edən digər həlledici sahə isə ordu quruculuğu idi. Heydər Əliyev güclü və müasir ordu qurmaq məqsədilə ardıcıl tədbirlər həyata keçirdi. Peşəkar kadrların hazırlanması, hərbi təhsil sisteminin gücləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və nizam-intizamın təmin olunması Sliahlı Qüvvələrin müdafiə qabiliyyətini artırdı. Bu siyasət sonrakı illərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında mühüm önəm kəsb etdi.
Ümummilli Liderin xarici siyasət sahəsində göstərdiyi uzaqgörənlik də müstəqil dövlətin möhkəmlənməsinə töhfə verib. Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsi, balanslaşdırılmış siyasət nəticəsində regional və qlobal əməkdaşlığa fəal qoşulması dövlətimizin nüfuzunu artırdı. Ermənistanın işğalçılıq siyasəti ifşa olundu, dövlətimizin haqlı mövqeyi beynəlxalq təşkilatların diqqətinə çatdırıldı. Bu siyasət ölkəni qısa müddətdə dünya birliyində etibarlı tərəfdaş kimi tanıtdı.
Ulu Öndər Heydər Əliyevin siyasi irsi Azərbaycan dövlətçiliyinin əsas bünövrəsini təşkil edir. Onun qurduğu sabitlik modeli, müəyyənləşdirdiyi ideoloji və iqtisadi kurs bu gün də ölkəmizin inkişafının möhkəm dayağı olaraq qalır. Tarix sübut etdi ki, Ümummilli Liderin uzaqgörən siyasəti və atdığı addımlar dövlətin gələcək qüdrətini təmin edən möhkəm təməl idi.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə müasir Azərbaycan regional güc mərkəzinə çevrilmiş, iqtisadiyyat dinamik inkişaf etmiş, şanlı ordumuz daha da qüdrətlənmişdir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə də məhz Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində reallaşdı. Artıq suverenliyini tam bərpa edən Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən nüfuzlu dövlət kimi tanınır.
Asif Əsgərov,
Milli Məclisin deputatı