“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin “Kopenhagen”lə matçın oyunçusu seçilməsi haqda fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis bu haqda oyundan sonra baş tutan mətbuat konfransında danışıb:
“Əlbəttə ki, buna sevinirəm. İlk olaraq, komandamın oyunçusunun seçilməsi. İkinci də, azərbaycanlının seçilməsi.
Buna sevinirəm və böyük dəyər verirəm. Elvin heç də rahat futbolçu deyil.
Dəfələrlə olub ki, öz idman formasından çox aşağı səviyyədə olub, sonra qalxıb. Elvində bir az stabillik çatışmır.
Ancaq son matçlarda bir az özü də ciddiləşib. Bəlkə mən onunla daha ciddi rəftar edirəm.
Ona bel bağlamaq olmaz. Hamımız ehtiyatlı olmalıyıq.
İstənilən an öz bacarığından aşağı çıxış edə bilər. Bəlkə ona bir neçə il lazımdır ki, məsuliyyəti dərk etsin, daha ciddi və böyük olsun.
Amma bir neçə ili gözləyəsi olsaq, işimiz yaxşı olmaz. Çalışırıq ki, hər şeyi əldə saxlayaq.
Elvin daha ciddi olsa, futbol haqda çox fikirləşsə, potensialı bundan daha çoxdur.
- Sirr deyilsə, UEFA-nın oyunun ən yaxşı seçdiyi oyunçular beyninizdə olan seçimlərlə nə dərəcədə üst-üstə düşür?
- Heç birini ayırmaq istəməzdim. Çünki burada hər birinin haqqı var.
Biri topla daha yaxşı rəftar etdi, biri yaxşı mübarizə apardı, digəri taktiki yaxşı oynadı.
Hər futbolçu üzərinə düşəni artıqlaması ilə etdi.Məndən olsa, futbolçuların hamısını seçərdi"m.