AZ

ABŞ Rusiyanın enerji obyektlərini vurması üçün Ukraynaya məlumat ötürəcək – WSJ


ABŞ Ukraynanı Rusiyanın enerji obyektlərinə qarşı uzaqmənzilli raket zərbələri endirmək üçün kəşfiyyat məlumatları ilə təmin etməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Vaşinqton həmçinin Kiyevi “Tomaqavk”, “Barrakuda” və digər Amerika istehsalı olan raketlərlə təchiz etməyi də nəzərdən keçirir.
Bildirilir ki, ABŞ-nin Prezidenti Donald Tramp yaxın vaxtlarda kəşfiyyat agentliklərinə və Pentaqona Ukraynaya bu istiqamətdə dəstək vermək səlahiyyəti verib.
WSJ yazır ki, bu addım NATO müttəfiqlərindən də oxşar yardımın göstərilməsi üçün çağırışla müşayiət olunub.
Məqalədə qeyd olunur ki, Ukrayna ilə kəşfiyyat mübadiləsinin intensivləşdirilməsi Ağ Evin Kiyevə dəstəyinin artdığını göstərir. ABŞ rəsmiləri hesab edirlər ki, bu, Ukraynanın əvvəlki zərbələrindən daha ciddi təsir göstərə bilər. Bununla belə, kəşfiyyat məlumatlarının paylaşılması barədə son qərar Ağ Evdən yazılı göstəriş alındıqdan sonra veriləcək.
Müdafiə Kəşfiyyat Agentliyi davam edən əməliyyatlarla bağlı şərh verməkdən imtina edib. Mərkəzi Kəşfiyyat İdarəsi də bu mövzuda açıqlama verməyib.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə ötən həftələrdə Rusiyanı Ukrayna ilə bağlı danışıqlardan yayınmaqda ittiham edib, Vaşinqtonun sülhə sadiqliyini vurğulayıb.
Rusiya tərəfi isə məsələni diqqətlə izlədiyini bəyan edib. Prezidentin mətbuat katibi Dmitri Peskov ABŞ-nin Ukraynaya uzaqmənzilli raket ötürməsi halında belə, bunun cəbhədəki vəziyyəti dəyişdirəcək “sehrli çıxış yolu” olmayacağını bildirib.

Murad Məmmədov
Seçilən
20
3
yeniavaz.com

4Mənbələr