AZ

20 yaşında ilk cinayət, altıncı dəfə həbs, “Koroğlu” ləqəbi – Tutulan QHT rəhbərləri kimdir?

Azərbaycanda saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satmaqda şübhəli bilinərək saxlanılan “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədovla bağlı maraqlı faktlar üzə çıxıb.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki ki, saxlanılan şəxslərin adları əvvəllər də müxtəlif qalmaqallarda hallanıb.

Rasim Məmmədov:

Rasim Adil oğlu Məmmədov 1964-cü ildə İmişli rayonunda anadan olub. 1973-cü ildə atasının Kənd Təsərrüfatı Nazirliyinə vəzifəyə təyin olunması ilə əlaqədar Sumqayıt şəhərində yaşamağa başlayıb. İctimaiyyətdə daha çox “Xalq Nəzarəti” ləqəbi ilə tanınıb. O, daha öncə ayrı-ayrı vaxtlarda 4 dəfə həbs olunub. Onun həbsxana ilə tanışlığı çox erkən başlayıb. 1980-ci ildə, 20 yaşında SSRİ Cinayət Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən vəzifədən sui-istifadə, səhlənkarlıq və qəsdən şəxsə ağır bədən xəsarəti yetirmə ittihamı ilə 5 il azadlıqdan məhrum edilib. O, bu cinayəti hərbi xidmətinin başa çatmasına az qalmış törədib. Daha doğrusu, 2 il onu şantaj və özbaşınalıqlarına dözən komandir, Rasim Məmmədovu cəmiyyət içərisinə bu şəkildə yollamağı zabit şərəfinə sığışdırmayıb, onu 5 il həbsə göndərib.

R.Məmmədov həbsdən 1980-ci ildə çıxıb. Amma sovet paytaxtı Moskvanı tərk etməyə tələsməyib. Bir dəfə çörək növbəsində tanış olduğu özündən 38 yaş böyük Nadejda Vladimirovna Malışovaya kirayə ev axtardığını deyib. Onu dilə tutaraq Moskvada yaşamaq hüququ əldə etmək üçün qadınla rəsmi nikaha girib. R.Məmmədova ümid bağlayan Nadejda Vladimirovna Malışova bir də onda ayılıb ki, evindən qızılları yoxa çıxıb. R.Məmmədov onun iki qırmızı qaş üzüyünü və boyunbağısını satmaq istəyəndə yaxalanıb. Bu dəfə onun haqqında etibardan sui-istifadə etməklə əmlak ələ keçirmə maddəsi ilə cinayət işi açılıb. 2 il 3 ay müddətinə ikinci dəfə həbsə məhkum olunub.

R.Məmmədov həbs müddəti bitəndən sonra Azərbaycana qayıdıb. 1996-cı ilin 30 sentyabrında Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin hökmü ilə həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 145.1, 145.2, 145.3, 145.4, 145.5, 145.6-cı (Qabaqcadan əlbir olan bir dəstdə şəxs tərəfindən, silah işlətməklə, xüsusi təhlükəli residivist tərəfindən, banditizim etmiş şəxs tərəfindən və zərər çəkənə küllü miqdarda ziyan vurmaqla quldurluq edib) və 220-ci maddələri ilə (müvafiq icazə olmadan odlu silah (yivsiz lüləli ov tüfəngindən başqa), döyüş sursatı və ya partlayıcı maddələr gəzdirmə, saxlama, əldə etmə, hazırlama və satma) 8 il azadlıqdan məhrum olunub. Amma 2001-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

Onun haqqında sonradan daha bir dəfə cinayət işi qaldırılır, haqqında 3 aylıq həbs qəti imkan tədbiri seçilir. Lakin bir neçə gündən sonra azadlığa buraxılır.

Rasim Məmmədov sonuncu dəfə 2022-ci ilin fevralında həbs olunub. Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, o, 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb edib. R.Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla şirkətin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib.

Qeyd olunan əmələ görə, R.Məmmədova qarşı Cinayət Məcəlləsinin 221.3(silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov verilən ittihamla təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2024-cü ilin sentyabr ayında azadlığa buraxılıb.

O, həbsdən çıxan kimi ictimai fəaliyyətini bərpa edib.

İndi isə R.Məmmədov saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satmaqda ittiham olunur. Bu, onun altıncı həbsidir.

“Koroğlu” ləqəbli Füzuli Rzaquliyev

İkinci qrup müharibə əlili Rzaquliyev Füzuli Ədəb oğlu 1961-ci il yanvarın 5-də Ağdərə rayonunun Xatunbəyli kəndində anadan olub. O, 1978-ci ildə Ağdərə rayonunun Manikli orta məktəbini, 1986-cı ildə isə Azərbaycan Dövlət Pedoqoji  İnstitutunun hərbi hazırlıq və bədən tərbiyəsi fakultəsini bitirib.

F.Rzaquliyev 1982-cı illərdə sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub. 1991-1994-cü illərdə Azərbaycan Ordusun döyüş bölgələrində yerləşən hərbi hissəsində tabor komandirinin birinci müavini-Qərargah rəisi vəzifəsində xidmət edib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ona və tabora həvalə edilən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələrək ağır yaralanıb. Göstərdiyi çoxsaylı şücaətlərə görə hərbçi dostları ona “Koroğlu” ləqəbi verib.

F.Rzaquliyev “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədridir. O, son illərdə geniş ictimai fəaliyyətlə məşğul olub.

F. Rzaquliyevin qardaşı Xəqani Rzaquliyev də Birinci Qarabağ müharibəsində döyüşüb. Həm də jurnalist olan X.Rzaquliyev 2022-ci ilin noyabrında vəfat edib.

İki jurnal, bir qəzet, xeyli QHT sahibi

Eldar İsmayıl oğlu İsmayılov 1949-cu il iyulun 7-də Bakıda tanınmış ziyalı ailəsində anadan olub. Moskva şəhərində Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsini bitirib.

2001-2005-ci illərdə Dərbənd Humanitar Universitetinin Filologiya fakültəsində Rus dili və ədəbiyyatı ixtisası üzrə 2-ci ali təhsil alıb.

SSRİ-nin süqutundan sonra səhmdar cəmiyyətini yaradıb və Türkiyə, Ukrayna və İsveçrədə əməkdaşlıq edərək bizneslə məşğul olub. Azərbaycan üçün suvenirlər və mükafatlar, orden və medallar istehsal edən fabrikə rəhbərlik edib.

1998-ci ildə “Azərbaycan Dünyası” beynəlxalq jurnalını təsis edib və mətbu orqanın baş redaktorudur. 2007-ci ildə “Dədə Qorqud” Milli Fondunu yaradıb və təşkilatın prezidentidir.

E.İsmayılov 2007-ci ildə daha bir mətbu orqan təsis edib. O, bu dəfə rusdilli “Brifinq” qəzetini yaradıb.

2013-cü ildən Azərbaycan Veteranlar Təşkilatının İdarə Heyətinin üzvüdür. 2015-ci ildən “Veteranın Səsi” jurnalının təsisçisi və baş redaktorudur. 2016-cı ildən Azərbaycan-Qazaxıstan Cəmiyyətinin vitse-prezidentidir.

Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Azərbaycanlıları Konqresinin üzvüdür.

Bu arada E.İsmayılovla bağlı daha bir ittiham ortaya çıxıb. Jurnalist Aqil Mehdi Tağıyev öz “Facebook” səhifəsində yazıb ki, E.İsmayılov ona 3 min manat borcludur və uzun müddətdir pulunu ala bilmir.

“Səhər yuxudan duranda gördüyüm ilk xəbərdə mənə 3 min manata yaxın borcu olan şəxsə – “Dədə Qorqud” Milli Fondunu rəhbəri Eldar İsmayılova Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi açıldığı yazılırdı.

Əslində bu barədə bir dəfə üstüörtülü şəkildə yazmışdım. Ağsaqqal kişidir, abrı getməsin deyə adını qeyd etməmişdim. Yazmışdım ki, statusu görüb, bəlkə pulu verə, amma əksinə etdi, iştirak etdiyi bütün tədbirlərdə başladı dalımca danışmağa. Sağ olsun yaxşı dostlar, müdafiəmi edib, tərəfimdə durublar, bu barədə də məni məlumatlandırıblar.

Uzun sözün qısası, işlədiyim “Azərbaycan Dünyası” jurnalından 1200, Böyük Dərbənd Ensiklopediyasından isə 1500 manat pul borcu var. Təxminən il yarım bundan əvvəl köməkçisi olan xanım məndən jurnalın bütün nömrələrinin arxivini və Eldar İsmayılovun şəkil arxivini istədi. Mən isə alacağım məbləği xatırlatdım. Bir daha mənimlə əlaqə saxlamadılar”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, saxta orden və medallar,habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satan şəxslər müəyyən olunublar.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz fəaliyyətlə məşğul olan “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıblar.

Bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çox medal və ordenlər, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhürlər və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb, F.Rzaquliyev, E.İsmayılov və R.Məmmədov istintaqa cəlb olunublar.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Seçilən
27
2
konkret.az

3Mənbələr