AZ

O, müqaviləyə imza atıbsa... Canları söz-söhbətdən qurtardı

Gözlənilən oldu. «Kəpəz» Azər Bağırovun yoxluğuna cəmi 4 ay dözə bildi, onu geri qaytardı.

Bağlanan müqavilə 8 aylıqdır. Hər şey mövsümün sonuna hesablanıb burada.

«Kəpəz» Premyer Liqada yerini qoruyarsa, o, davam edəcək.

Qorumasa…

Yəqin ki, yenə davam edəcək. Bağırov I Liqada olsa belə, «Kəpəz»i qoyub getməz.

Çünki onun yarımçıq qalan bəzi arzuları var, Gəncədə həyata keçirmək istəyəcək.

«Kəpəz»in yeni rəhbərliyi ziyanın yarısından döndü. İdman direktoru Fərman Əlizadə onunla bərabər yola çıxanların səhvini düzəltdi.

Ətraf(ın)dakıları inandırdı ki, dağı-daşı ələk-vələk eləmək gecdir, elə gözümüzün qabağında olanı, tanıdığımız şəxsi görəvə qaytaraq, canımız dincəlsin.

Bu seçimə görə Fərman Əlizadə qınanmamalıdır. Və heç kim onu qınaya bilməz.

Adamı alqışlamaq lazımdır: belə dar macalda, iki daşın arasında düzgün seçim edib. Hansısa xarici gəlsəydi, yalandan vəd verib gedəcək, üstəlik, müqavilə üzrə ona çatacaq pulunu tələb eləyəcəkdi.

Gəncə çətin yerdir, burada hər məşqçi baş çıxarmaz. Həmin məşqçinin dörd gözü, dörd əli, dörd də başı olmalıdır. Ki, rahat işləsin.

Heç olmasa, sərbəst nəfəs ala bilsin.

Bağırov dərsindən «beş»dir. Münasibət qurmaqda, publikanı ələ almaqda peşəkardır. Bir yerdə 5-10 nəfər varsa, elə beş-on dəqiqəyə ortalığı ələ alacaq.

O, özünü sevdirməyi yaxşı bacarır.

«Kəpəz»ə indi məhz belə məşqçi lazım idi. Azarkeşlərlə əla irtibat yarada bilən, lazım gələndə, futbolçunun qılığına girən, lazım gələndə, futbolçunun başına qapaz vura bilən, harada şirin, harada sərt formada danışacağını bilən biridir o.

Komandada əhval-ruhiyyə yoxdur, yerlə sürünür hazırda. Hamı çöküb. Klubun işçisi də, futbolçusu da, üst personalı da.

Sağolmuş Adil Şükürov ötən 4 ay içində düşərgəni necə bir-birinə vurubsa, aləmi qarışdırıbsa, özünəinam itib, kimə baxırsan, qaş-qabaq töküb, fikirlidir.

Vəziyyət dalan dirənmiş kimidir. Bugündən sabaha ümid qalmayıb bir nəfərdə.

Odur ki, Bağırovu çox çətin günlər, həftələr gözləyir, şübhəsiz. Hədsiz böyük məsuliyyətin altına girib.

Stressi ağır olacaq, amma yükü qaldırması lazımdır. O, müqaviləyə imza atıbsa, hər şeyi gözünün altına alıb, yəqin ki.

ELXAN

Seçilən
29
sportinfo.az

1Mənbələr