AZ

"Biləsuvar GES Azərbaycanın enerjiyə tələbatının 4-5 %-ni təmin edəcək"

Biləsuvar Günəş Elektrik Stansiyası (GES) Azərbaycanın enerjiyə olan tələbatının 4-5 %-ni təmin edəcək.

FED.az xəbər verir, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Biləsuvar GES-də birinci panelin quraşdırılması mərasimində bildirib.

Onun sözlərinə görə, Biləsuvar GES gələn ilin birinci yarısında istismara veriləcək və 2026-cı ilin sonundan şəbəkəyə tam gücü ilə elektrik enerjisi ötürüləcək: "Yəni gələn ilin sonunda Biləsuvar GES şəbəkəyə tam şəkildə qoşulacaq. Bu günəş elektrik stansiyası Azərbaycanın elektrik enerjisinə olan tələbatının 4-5 %-ni təmin edəcək".

O qeyd edib ki, bu GES Biləsuvar rayonunun həm iqtisadi, həm də sosial sahəsinə müsbət təsir göstərəcək: "Bu regionun və rayonun məşğulluqla təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək".

C.Abdullayev vurğulayıb ki, Biləsuvarda günəşdən istehsal olunan elektrik enerjisi Azərbaycanın müəyyən həcmdə qaz resurslarından səmərəli istifadəsinə xidmət edəcək.

Xatırladaq ki, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və "yaşıl enerji" zonasının yaradılması məqsədilə Biləsuvarda gücü 445 meqavat olacaq GES-in inşası ilə əlaqədar Azərbaycan dövləti ilə "Masdar" şirkəti arasında müqavilə imzalanıb. 4 iyun 2024-cü il tarixdə isə Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabirin iştirakı ilə layihənin təməli qoyulub.

Qeyd edək ki, ümumi gücü 445 meqavat olacaq stansiyanın inşası məqsədilə dövlət mülkiyyətində olan və rayonun inzibati sərhədləri daxilində yerləşən 1 454 hektar ərazi ayrılıb. Layihənin icrasında Çin, Türkiyə, İspaniya və digər ölkələrdən olan yüksək ixtisaslı mütəxəssislər iştirak edirlər. Eyni zamanda, Biləsuvardan olan 1 500 nəfər yerli əməkdaşın layihəyə cəlb olunması planlaşdırılır.

Biləsuvar GES-də Çinin "JA Solar" şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur. Gücü 625-630 Vt təşkil edən günəş panelləri mərhələli şəkildə sahəyə gətirilir. Stansiya 8 131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraq həyata keçiriləcək. Stansiyanın növbəti il istismara verilməsi planlaşdırılır. (Report)

Seçilən
19
4
fed.az

10Mənbələr