AZ

ABŞ-də büdcə böhranı: Qlobal bazara ciddi təsir gözlənilmir – ÖZƏL

"Bu gün  ABŞ-də demokratlarla respublikaçılar arasında fikir ayrılığı nəticəsində büdcə böhranı yaranıb. Büdcənin təsdiqlənməməsi səbəbindən minlərlə büdcə işçisi əməkhaqqısız işləməyə məcbur qalıb".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, bu hal Amerika tarixində bir neçə dəfə baş verib, onların ən uzunu Donald Trampın prezidentliyi dövründə 35 gün davam edib. Mütəxəssislər hesab edirlər ki, hazırkı böhran da bir neçə həftə çəkə bilər, lakin ümumilikdə ABŞ iqtisadiyyatına və qlobal bazara ciddi təsir etməyəcək.

Ekspert əlavə edib ki, ABŞ  tarixində belə halların yaranmasının əsas səbəbi siyasi qarşıdurmalardır. Demokratlar bəzi sosial proqramların qorunub saxlanılmasını istəyir, respublikaçılar isə dövlət xərclərinin azaldılmasına çalışırlar. Tramp hakimiyyəti dövründə bu məsələ daha da kəskinləşmişdi. O, artıq xərclərin ləğv edilməsini, xarici yardımların azaldılmasını və dövlət büdcəsində ixtisarların aparılmasını tələb edirdi. Demokratlar isə bunu Trampın hakimiyyətini zəiflətmək, onun iqtisadi siyasətinin mənfi tərəflərini cəmiyyətə göstərmək və seçkilərdə üstünlük qazanmaq üçün fürsət kimi dəyərləndirirdilər. Respublikaçılar da bu böhrandan faydalanmağa çalışırdılar. Tramp hesab edirdi ki, büdcə böhranı ona dövlət aparatında çalışan, əsasən demokratlara yaxın olan məmurları işdən uzaqlaşdırmaq və dövlət idarəçiliyində ixtisarlar aparmaq imkanı verə bilər.

"Ekspertlərin fikrincə, baş verənlər ABŞ daxilində siyasi mübarizənin nəticəsidir. Ancaq ümumi dünya bazarına böyük təsir göstərməsi gözlənilmir. Çünki ABŞ iqtisadiyyatının əsas dayağı biznes və özəl sektor üzərində qurulub, onların fəaliyyəti isə davam edir. Yalnız vergi yığımında müəyyən çətinliklər yarana bilər, lakin bu da nə ABŞ büdcəsinə, nə də qlobal iqtisadiyyata ciddi təsir edəcək", - deyə siyasi şərhçi vurğulayıb.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
olaylar.az

1Mənbələr