AZ

Aldığınız ətin rənginə, qoxusuna fikir verin – Dabaq xəstəliyi TƏHLÜKƏSİ

Son günlərdə Azərbaycanın şimal bölgələrində dabaq (digər adıyla dabbaq, yəni çürük, xarab olmuş ət) xəstəliyinin yayılması müşahidə olunur. Xəstəliyin sürətlə yayılması fermerlər arasında ciddi narahatlıq yaradıb. Hazırda aidiyyəti qurumlar xəstəliyin qarşısını almaq üçün profilaktik tədbirlər görür.

Məsələ ilə bağlı aqrar sektor üzrə ekspert Akif Nəsirli Bizim.Media-ya bildirdi ki, dabaq xəstəliyi (elm. afta epizootiyası) yoluxucu virus xəstəliyidir və əsasən iri buynuzlu heyvanlarda (inək, camış), xırdabuynuzlu heyvanlarda (qoyun, keçi) və donuzlarda rast gəlinir. Azərbaycanda da vaxtaşırı şimal bölgələrində yayılması müşahidə olunur.

“Bu xəstəliyin fəsadları qaçılmazdır: məhsuldarlığın kəskin azalması – süd verimi 50–70% aşağı düşə bilər. Ağız boşluğunda, dırnaqlarda və bəzən cinsiyyət orqanlarında yaralar əmələ gəlir, heyvan yem yeyə bilmir, hərəkəti çətinləşir. Bala heyvanlar çox vaxt xəstəliyə tab gətirmir. Həm məhsuldarlıq itkisi, həm də ticarət məhdudiyyətləri (xəstəlik olan ərazidən canlı heyvan ixracına qadağa qoyulur) kənd təsərrüfatına ciddi ziyan vurur”.
 

Ekspert bildirdi ki, xəstəlikdən ən effektiv qorunma üsulu vaksinasiyadır, davamlı peyvənd kampaniyaları aparılmalıdır. Həmçinin tövlələrin, alətlərin, nəqliyyat vasitələrinin dezinfeksiyasını həyatta keçirmək lazımdır. Yoluxmuş və yoluxma şübhəsi olan təsərrüfatlar dərhal təcrid olunmalıdır.

 

A.Nəsirlinin sözlərinə görə,  dabaq xəstəliyində spesifik müalicə yoxdur, əsasən simptomatik yardım (ağız və dırnaqlardakı yaraların təmizlənməsi, antiseptiklər, vitaminlər) göstərilir. Xəstəlik xəstə heyvanların ifrazatları ilə çirklənmiş yem, su, qulluq əşyaları, çiy süd və ondan hazırlanmış məhsullar, xəstə heyvanın çiy əti, gəmiricilər, həşəratlarla yayılır.

Heyvan ətinin dabaq olub-olmadığını istifadə zamanı bilmək asandır: ət kəskin, turşumuş və ya çürük qoxu verirsə, boz, yaşıl, sarımtıl və ya tünd rəngə çalırsa,   üzərində ləkələr, qan laxtaları və ya qəribə rəng dəyişiklikləri varsa, yapışqan, seliklidirsə, deməli dabaq heyvanın ətidir.

Ona görə də mütəxəssislər xəbərdarlıq edirlər ki, veterinar möhürü olmayan və ya güvənilməyən qəssabdan ət alınmamalıdır.

Şəfiqə Şəfa, Bizim.Media

Seçilən
22
4
bizim.media

5Mənbələr