AZ

“Qarabağ”dakı “Məşədi Kazım” - Haradasan, gəl çıx da!

Marko Yankoviçin yoxluğu «Kopenhagen»lə dünənki matçdan öncəyə qədər çox danşılırdı.

«Qarabağ»ın zədəli monteneqrolu yarımmüdafiəçisinin olmaması fonunda necə təsir bağışlayacağı mübahisələrə yol açmışdı.

Komandanın Yankoviçsiz qələbə qazanmağa çətinlik çəkəcəyi iddia olunurdu.

Bu iddialar həm öz təsdiqini tapdı, həm də tapmadı. İki fərqli «Qarabağ»a tamaşa etdik.

Fasiləyədək bilmədik ki, Yankoviç ya meydandadır, ya tribunada.

«Qarabağ» ilk dəqiqələrdən «Kopenhagen»i basqı altına aldı, cərimə meydançasının həndəvərindən, künc-bucağından əl çəkmədi, getdi-gəldi.

Qol epizodlarına girdilər. Kadi, Zubir və Andrade ilə danimarkalıların nəfəsini kəsdilər. Rəqibə bir fürsət verib, üç-dördünü də özləri qaçırdılar.

Yaxşı ki, buradasan, Zubir!

«Qarabağ» ikinci hissədə daha bir dəfə fərqləndi.

Qurban Qurbanovun oyunun başa çatmasına bir qədər qalmış meydana buraxdığı Emmanuel Addai gözlənilməz qərar qəbul etdi, əks-hücumu ləngitdi, və cərimə meydançasının önündən qapının yaxın küncünü dəqiq nişan aldı, «Kopenhagen»in «kitabı bağlandı».

Amma buna qədər olan 25-30 dəqiqəlik parça var ki, onun üzərində durmağımız mütləqdir.

Məşhur «Qayınana» filmində Nəsibə Zeynalovanın «haradasan, ya Məşədi Kazım?» deməsi var ha, dünən də biz o 25-30 dəqiqəlik arada Yankoviçi çox axtardıq, yoxluğunu hiss etdik, üzüldük.

Müdafiə xətti zülm çəkdi bu intervalda. «Kopenhagen» əvəzləmələrlə güclənib, «Qarabağ»»ı geri çəkilməyə məcbur etdi, topu ayağında saxladı.

Rollar büsbütün dəyişmişdi sanki. «Kopenhagen»lilər hesabı bərabərləşdirməkdən ötrü özünü həlak elədi, bir epizodda da qapı tiri Mateuş Koxalski ilə dostluq andına sadiqliyini isbatladı, qurtulduq.

Hesabda geri tərəfin hücuma atılması, qol arayışında israrlı davranması təbii haldır. Məğlubiyyətdən qaçmağın ikinci yolu olsa, hamı istifadə edər.

Sadəcə, «Qarabağ»ın topsuz halda öz qapısına sıxışması və bunun periodik hal alması qorxutdu bizi. Hər an qol buraxmaq təlaşı dəhşətli hisdir. Bunu bilməyən anlamaz.

«Qarabağ» yenə qazandı, amma Yankoviçsiz komandanın «dörd-dördlük» oyunundan bəhs etmək özümüzün özümüzü aldatması olar.

Kadi Markonun mövqeyində «dişsiz»dir. Pedro Bikalyo Yankoviçi yanında görməyəndə, o ki var əldən düşür, başının itirir, həmişəkindən daha artıq qaçmaq məcburiyyətində qalır.

Kadinin topsuz hərəkət etməklə arasının saz olmaması səbəbindən.

ELNUR

Seçilən
10
sportinfo.az

1Mənbələr