AZ

“Biologiya fakültəsini bitirib, həkim deyil” - Pərvin Xəlilova ilə bağlı qalmaqal böyüyür

“Pərvin Xəlilova Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. Biologiya fakültəsinin məzunu necə həkim kimi fəaliyyət göstərir? Xəstəxana rəhbərliyi buna necə yol verir? İnsanların taleyi ilə necə belə oynaya bilərlər?”.

“Yeni Sabah” xəbər verir ki, bunu yazıçı-jurnalist Ulucay Akif bildirib.

Onun sözlərinə görə, rəsmi qurumlar “Məlhəm” hospitalının həkimi Pərvin Xəlilovanın səhvi nəticəsində bacısı Gülənay Məmmədovanın körpəsinin qüsurlu doğulması məsələsinə biganə yanaşır. Marqarita pizza

“TƏBİB-lə danışırsan, deyirlər ora biz baxmırıq. Səhiyyə Nazirliyi deyir, bizlik deyil. Kimə deyək? Azəriqaza, ya Azərişığa? Ölkədə hamı iş görməmək üçün əlləşir elə bil. Hamı məsuliyyəti kiminsə boynuna atmaqla məşğuldur. Araşdırılsın bu məsələ. Necə olur ki, biologiya fakültəsinin məzunu doğuş gerçəkləşdirir və belə bir hadisə baş verir?”.

“Yeni Sabah” sözügedən iddia ilə bağlı həkimin özü ilə əlaqə yaradıb. Ginekoloq Pərvin Xəlilova saytımıza açıqlamasında deyilənlərin tamamilə əsassız olduğunu bildirib:

“2006-cı ildə Azərbaycan Dövlət Tibb Universitetindən məzun olmuşam. İxtisasım müalicə işi üzrə olub, həmin fakültəni bitirmişəm. O vaxtlar Müalicə işi fakültəsini bitirəndən sonra həkimlər müxtəlif sahələr üzrə yenidən ixtisaslaşmadan (perekvallifikasiyadan) keçirdilər. Yəni, müalicə işi hamı üçün baza hesab olunurdu. Kimisi reanimatoloq, kimisi kardioloq, kimisi anestezioloq, kimisi nevropatoloq, kimisi də nefroloq olurdu.

Bütün bu bölgülər Müalicə işi fakültəsinin məzunları arasında aparılırdı. İndi də həmin qayda qalmaqdadır. Mən də Müalicə işi fakültəsini bitirib ginekoloq kimi ixtisaslaşmışam və illərimi bu sahəyə həsr etmişəm. Biologiya fakültəsi məsələsi absurddur. Mən Biologiya fakültəsini yox, məhz Müalicə işi fakültəsini bitirmişəm. Sertifikasiya imtahanlarını da ginekoloq kimi vermişəm və fəaliyyətim də bu ixtisas çərçivəsindədir”.

Həkimdən körpənin vəziyyətini də xəbər aldıq. Yaxşı olduğunu söylədi.

Yazıçı Ulucay Akif isə saytımıza açıqlamasında uşağın vəziyyəti haqqında belə deyib:

“Hazırda uşaq süni tənəffüs aparatından ayrılıb və özü nəfəs alır. Beyində hər hansı dəyişiklik yoxdur. Uşağın Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD) köçürülməsi planlaşdırılırdı, lakin həm biz, həm də OMD bu məsələyə razılıq vermirik, çünki oradakı vəziyyətin necə olacağını bilmirik”.

U.Akifin digər bacısı, körpənin xalası Çilənay xanım isə bildirib ki, bacısının hamiləliyinin 3-cü ayında servikal yetməzlik diaqnozu qoyulsa da, həkim müayinəni təkrar etməyib və doğum zamanı zəruri tibbi prosedurlar həyata keçirilməyib.

“Aktiv sancı zamanı uşağa ağrıkəsici inyeksiya verilib, kordon dolanması halları nəzərə alınmayıb və növbətçi ginekoloq prosesə cəlb edilməyib. Doğumdan sonra isə həm ana, həm də uşağın tibbi nəzarəti kifayət qədər təmin edilməyib, xəstəxana personalı ana ilə münasibətdə məsuliyyətsiz davranıb, depozit ödənişin yalnız bir hissəsi qaytarılıb və əlavə ödəniş tələb edilib”.

O, həm həkimin peşəkarlığına, həm də xəstəxana rəhbərliyinin məsuliyyətsizliyinə ciddi etirazını bildirib və məsələ ilə bağlı hüquqi və tibbi araşdırma aparılmasının zəruriliyini vurğulayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
24
2
yenisabah.az

3Mənbələr