AZ

Sahibə Qafarova: Azərbaycan Qlobal Cənub və Qlobal Şimal arasında daha güclü körpülər qurmağı bacardı

Azərbaycan ümumi məqsədlərin həyata keçirilməsi naminə Qlobal Cənub və Qlobal Şimal arasında daha güclü körpülər qurmağı, xüsusilə inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməyi bacardı.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına işgüzar səfəri çərçivəsində “Böyük iyirmilik” ölkələrinin (G20) Parlament Sədrlərinin 11-ci Sammitində (P20) “Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi” mövzusu üzrə çıxışı zamanı deyib.

Çıxışında bu gün dünyada iqlim dəyişikliyinin daha da kəskinləşdiyini və onun təsirlərinin hər gün daha çox hiss olunduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, heç bir ölkə iqlim dəyişikliyinin nəticələrindən sığortalanmayıb. 

Onun sözlərinə görə, təbii fəlakətlər hər bir ölkəyə və regiona zərbə vurur. “Ona görə də bu məsələ bütün səviyyələrdə təcili tədbirlər tələb edən qlobal əhəmiyyətli bir mövzuya çevrilib. Bu isə, öz növbəsində, beynəlxalq çərçivə və öhdəliklərin müəyyənləşdirilməsini, onların konkret milli fəaliyyətlərə və planlara çevrilməsini, eyni zamanda, həyata keçirilməsində qlobal əməkdaşlığın və kollektiv dəstəyin təmin olunmasını nəzərdə tutur”. – spiker vurğulayıb.

Çıxışında fəlakətlərə və iqlim təsirlərinə qarşı zəruri cavab tədbirlərinin görülməsində parlamentlərin roluna toxunan spiker deyib ki, bu çərçivədə qanunvericilik prosesləri reaktiv deyil, proaktiv xarakter daşımalı, iqlim dəyişikliyinə qarşı adaptasiyanı və risklərin azaldılmasını ümumi yanaşma kimi əks etdirməlidir: Bu, həm də Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə xidmət edəcək”. 

COP29-a ev sahibliyi etdiyini xatırladan Milli Məclis sədri bildirib ki, ölkəmiz ümumi məqsədlərin həyata keçirilməsi naminə Qlobal Cənub və Qlobal Şimal arasında daha güclü körpülər qurmağı, xüsusilə inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməyi bacardı. 
Spiker Sahibə Qafarova, həmçinin diqqətə çatdırıb ki, Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə, COP29 çərçivəsində iqlim dəyişikliyinə qarşı parlament səylərinin birləşdirilməsinə yönəlmiş Parlament iclasına da evsahibliyi edib.

Çıxışının sonunda Milli Məclisin sədri bildirib ki, COP29-un uğurla başa çatdırılması ilə Azərbaycan bir daha nümayiş etdirdi ki, ümumi çağırışlar qarşısında həmrəylik, kompromislər və kollektiv tədbirlər arzu olunan nəticələrin əldə olunması üçün əvəzolunmazdır.

Mürtəza

Seçilən
20
9
olke.az

10Mənbələr