BAKI, 2 oktyabr. TELEQRAF
“Ümumi gedişatdançox razıyıq”.
Teleqraf xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov III MDB Oyunları çərçivəsində Xankəndində keçirilən kamandan oxatma yarışı zamanı jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycan idmançılarının Oyunlardakı çıxışından razı qaldığını söyləyib: “Üzgüçülərimiz artıq iki qızıl medal qazanıblar. Bu o deməkdir ki, federasiya yaxşı çalışır. Əsas məqsədimiz yeniyetmə idmançıları böyüklərarasında keçiriləcək yarış üçün hazırlaşdırmaqdır”.
Qayıbov Azərbaycanın beynəlxalq idman yarışlarını keçirmək üçün kifayət qədər təcrübəli olduğunu bildirib: “Bu bizim üçün yeni təcrübədir. Heç bir iş asan deyil. Artıq 3 dəfə irimiqyaslı idman yarışını keçirmişik. 2015-ci ildə Avropa Oyunlarını təşkil etmək bəlkə də daha çətin idi. Daha sonra IV İslam Həmrəyliyi Oyunları və XV Avropa Gənclər Yay Olimpiya Festivalını da Bakıda keçirmişdik. Bu səfər ölkə başçısının qərarı ilə yarışları 7 müxtəlif şəhərdə keçiririk.
Artıq deyə bilərik ki, bizim ölkədə kifayət qədər təcrübəli mütəxəssislər var. Əksəriyyəti Bakıda olsa da bu yarış bizə imkan verdi ki, bölgələrdəki gənclərimizləçalışaq. 3 min könüllü üçün bu yarış böyük təcrübədir. Hər yerdə olduğu kimi təşkilatçı ölkənin üzərinə ikiqat məsuliyyət düşür. Həm təşkil etmək həm də nəticə vermək baxımından”.