AZ

Sentyabr ayında ölkə ərazisində müşahidə olunan hava açıqlanıb

Nazim Mahmudov: Sentyabrda orta aylıq temperatur iqlim normasından aşağı olub

Bakı, 2 oktyabr, AZƏRTAC

2025-ci ilin sentyabr ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 14 gün normadan yuxarı (0.3-4.9 dərəcə), 16 gün isə normadan aşağı (0.2-5 dərəcə) olub. Sentyabr ayında orta aylıq temperatur 21.4 dərəcə isti olub ki, bu da iqlim normasından 0.5 dərəcə aşağıdır.

AZƏRTAC xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, sentyabrda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında sentyabrın 3-ü müsbət 37.1 dərəcə, bölgələrdə isə (Kürdəmir) sentyabrın 1-i müsbət 39.8 dərəcəyə qədər yüksəlib. Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında sentyabrın 15-də 11.9 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə sentyabrın 15-də və 23-də 2.5 dərəcə şaxta (Şahdağ) qeydə alınıb: “Sentyabr ayının bəzi günlərində fasilələrlə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, yüksək dağlıq ərazilərə qar yağıb. Qar örtüyünün maksimal hündürlüyü Şahdağda 14 santimetr qeydə alınıb. Ən çox yağıntı aylıq normanın 195 faizi olmaqla (Astara 388 millimetr) Lənkəran-Astara zonasına, aylıq normanın 249 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 43 millimetr) düşüb. Yağan intensiv yağışlar nəticəsində ölkə üzrə 5 sel hadisəsi qeydə alınıb”.

Nazim Mahmudov qeyd edib ki, sentyabrın 11-də Oğuz rayonunun Başdaşağıl kəndinə, Naxçıvana, Kəlbəcər rayonunun İstisu, İstibulaq, Qoçdaş, Moz, Başlıbel kəndlərinə, Gədəbəy rayonunun Söyüdlü kəndinə, sentyabrın 20-də isə Qəbələ rayonunun Kiçik Əmili kəndinə və İsmayıllı rayonuna dolu düşüb. “Sentyabr ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 8 xəbərdarlıq (sarı və narıncı) verilib. Ümumilikdə ölkə ərazisində 24 gün küləkli olub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında və bölgələrdə saniyədə 28 metrədək güclənib”, - deyə o diqqətə çatdırıb.

Seçilən
28
5
azertag.az

5Mənbələr