AZ

Prezident Kopenhagendə Avropa liderləri ilə görüşlər keçirdi (YENİLƏNİB)


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.
Gender.Az xəbər verir ki, dövlətimizin başçısı Moldovada keçirilmiş parlament seçkilərində Maya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq, bu seçkilərin Moldova xalqının iradəsini əks etdirdiyini dedi.
Moldova Prezidenti təbriklərə görə təşəkkürünü ifadə etdi. O da öz növbəsində Vaşinqtonda Ermənistanla Azərbaycan arasında Amerika Birləşmiş Ştatlarının şahidliyi ilə sülh gündəliyi üzrə əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini bildirdi.
Görüşdə ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, xüsusilə də enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı.
Prezident Maya Sandu Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd etdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub.
Görüşdə Antonio Koşta və Ursula Fon der Lyayen dövlətimizin başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik etdilər, bunun regionda davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümidvarlıqlarını bildirdilər. Antonio Koşta və Ursula Fon der Lyayen sülhün dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəklərini bildirdilər. Onlar, həmçinin regionda nəqliyyat bağlantılarının inkişafının Avropa İttifaqı üçün mühüm istiqamət olduğunu dedilər.
Görüşdə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rola toxunuldu, 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair əldə edilmiş razılaşmaya uyğun olaraq Azərbaycanın Avropanın qaz bazarına ixracının həcminin artdığı bildirildi.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi və sülh gündəliyi ilə bağlı nailiyyətlərin bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün tarixi əhəmiyyət kəsb etdiyini dedi. Prezident İlham Əliyev həm Ermənistanın, həm də Azərbaycanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını qeyd etdi və ölkəmizin sülh gündəliyinin irəli aparılması üçün səyləri davam etdirəcəyini vurğuladı.
Prezident İlham Əliyev hazırda Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 üzv dövlətin Azərbaycan qazını aldığını bildirdi və bunun Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfə olduğunu dedi.
Dövlətimizin başçısı Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rolu qeyd edərək, ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışdı və hazırda Mərkəzi Asiyadan Azərbaycan ərazisindən nəqliyyat daşımalarının həcminin artdığını bildirdi.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişaf etdirilməsi və yeni səviyyəyə qaldırılması üçün yaxşı imkanların olduğu vurğulandı.

***

Oktyabrın 2-də Kopenhagendə "Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü olub.
Görüşdə Azərbaycanla İtaliya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi qeyd olundu və bu xüsusda bir neçə gün əvvəl İtaliya Prezidentinin Azərbaycana uğurlu rəsmi səfəri, səfər çərçivəsində Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı qeyd olundu.
Söhbət zamanı Azərbaycan ilə İtaliyanın enerji sahəsində uğurlu əməkdaşlığına toxunuldu, ölkəmizin İtaliyanın enerji təhlükəsizliyinə töhfəsi vurğulandı. Ölkələrimiz arasında investisiyalar, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.

***

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
Ukrayna Prezidenti Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev sülh gündəliyinin irəliyə aparılması istiqamətində atılmış addımların tarixi əhəmiyyət kəsb etdiyini dedi. Dövlətimizin başçısı regionda davamlı sülhün təmin olunması üçün Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğuladı.
Görüşdə Azərbaycanın Ukraynaya humanitar dəstəyi, xüsusilə də ukraynalı uşaqlara göstərilən diqqət və qayğı qeyd olundu. Ukrayna tərəfi buna görə təşəkkürünü bildirdi.
Söhbət zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

***

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşü olub.
Niderlandın Baş naziri Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələrlə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdıraraq, bunun mühüm əhəmiyyət daşıdığını vurğuladı.
Prezident İlham Əliyev də öz növbəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanla Azərbaycan arasında imzalanmış Vaşinqton Bəyannaməsinin və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair sənədin regional sülh baxımından əhəmiyyətinə toxundu, iki ölkə arasında artıq sülhün mövcud olduğunu qeyd etdi.
Görüşdə Niderland şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi vurğulandı, bunun gəmiçilik, limanların qurulması, elektrik sənayesi, kənd təsərrüfatı, şəhərsalma və digər sahələri əhatə etdiyi qeyd olundu.
Söhbət zamanı Azərbaycanla Niderland arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.
Niderlandın Baş naziri ölkəmizdə COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı və həmin tədbir çərçivəsində beynəlxalq iqlim gündəliyi ilə əlaqədar ciddi nəticələrin əldə olunduğunu qeyd etdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü olub.
Fransa Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələr münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələrin regional sülh gündəliyinin irəli aparılması üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğuladı. Dövlətimizin başçısı hazırda sülh gündəliyinin irəliyə aparılması üçün müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd etdi.
Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparıldı.










Seçilən
41
11
gender.az

10Mənbələr