AZ

Azərbaycanda suyun qiyməti müzakirə olunur - “differensial tarif” nədir?..


Su Ehtiyatları üzrə Dövlət Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov jurnalistlərlə söhbətində bildirib ki, təkliflər var və təkliflərin əsas məqsədi sudan daha səmərəli istifadəni təşviq etməkdir:

“İdeya israfçılığın qarşısını almaq və istehlak həcminə görə differensiallaşdırılmış tariflərin tətbiqindən ibarətdir. Təkliflər hazırlanarkən onlarla ölkənin təcrübəsi öyrənilib, beynəlxalq konsaltinq şirkətlərinin tövsiyələri nəzərə alınıb. Son variant hökumətə, Nazirlər Kabinetinə, Tarif Şurasına təqdim olunacaq, həmçinin ictimai müzakirəyə çıxarılacaq".

İ.Bayramov həmçinin qeyd edib ki, Azərbaycanda su tariflərinin artırılması ilə bağlı Tarif Şurasına heç bir müraciət daxil olmayıb.

Qeyd olunduğu kimi, suya differensial tarif tətbiqi müzakirə olunur. Bu nədir və qiymətə dəxli olacaqmı? Su israfçılığının qarşısını alacaqmı?

Rövşən Abbasov: “Bir qiymət üzrə sudan istifadə limitləri qoyulacaq, bu limitləri keçəndən sonra isə başqa bir qiymət tətbiq olunacaq”

Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov “Bakı-Xəbər”ə bildirdi ki, differensial tətbiq ərazidən, ilin mövsümündən və sudan istifadənin miqdarından asılı olaraq dəyişən qiymət siyasətidir: “Məsələn, bir qiymət üzrə sudan istifadə limitləri qoyulacaq, bu limitləri keçəndən sonra isə başqa bir qiymət tətbiq olunacaq. Bu ona görə edilir ki, su istifadəçilərində suya qənaət təşəbbüsləri yaransın”.

ADSEA: “Differensiallaşmanın, yaxud hər hansı bir yeni tarifin müəyyənləşməsi...”

Su Ehtiyatları üzrə Dövlət Agentliyinin (ADSEA) mətbuat xidmətindən “Bakı-Xəbər”ə bildirildi ki, su tariflərinin müəyyələşdirilməsi Tarif Şurasının qərarından asılıdır: “Bu barədə Tarif Şurasına müraciət olunmayıb. Differensiallaşmanın, yaxud hər hansı bir yeni tarifin müəyyənləşməsi, təbii ki, su təchizatının yaxşılaşdırılmasına, suyun keyfiyyətinə, qənaətlə istifadəsinə müsbət təsir göstərən haldır. Ümumiyyətlə, ADSEA su itkilərinin qarşısının alınması üçün mütəmadi tədbirlər keçirir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən su təchizatı infrastrukturunun yenilənməsi istiqamətində mütəmadi olaraq işlər aparılır. İstismar müddətini başa vurmuş, aşınmış borular mərhələli şəkildə yeni, dayanıqlı və müasir materiallardan olan borularla əvəzlənir.

Yenidənqurma işləri əsasən su itkilərinin yüksək olduğu və ya tez-tez qəza baş verən ərazilərdə həyata keçirilir. Layihələrə həm magistral, həm də paylayıcı şəbəkələrin yenilənməsi, nasos stansiyalarının təkmilləşdirilməsi və idarəetmə sistemlərinin avtomatlaşdırılması daxildir.

İşlərin həyata keçirilməsi monitorinq nəticələrinə əsasən müəyyənləşdirilir və mərhələli şəkildə icra olunur”.

İradə SARIYEVA

Seçilən
49
baki-xeber.com

1Mənbələr