Oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilər yerli özünüidarə orqanlarının formalaşması baxımından önəmli olmaqla yanaşı ölkənin siyasi sabitliyi üçün ciddi sınaq hesab olunur.
Müxalif qüvvələrdən bir qismi seçkiləri boykot edib, həmin gün paytaxt Tbilisidə genişmiqyaslı aksiyalara çıxmağı planlaşdırır.
News365.az-ın məlumatına görə, tanınmış opera müğənnisi və ictimai fəal Paata Burçuladze bəyan edib ki, 4 oktyabrda Rustaveli prospektinə yüz minlərlə Avropayönümlü gürcü yığılacaq və sülh yolu ilə hakimiyyət dəyişikliyi baş verəcək. Onu keçmiş prezident Mixeil Saakaşvili də dəstəkləyib.
Saakaşvili tərəfdarlarını bu “inqilabi” təşəbbüsə qoşulmağa çağırıb. Bu təşəbbüsə əsasən, müxalifətin böyük qismi, xüsusilə Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyası fəal dəstək verir. Lakin digər partiyalar belə çağırışların reallığa çevriləcəyinə şübhə ilə yanaşır və siyasi mübarizəni seçki yolu ilə aparmağın daha doğru olduğunu vurğulayırlar.
Hakimiyyət nümayəndələri isə sərt xəbərdarlıqlar ediblər. Baş nazir İrakli Kobaxidze, parlamentin spikeri Şalva Papuaşvili və Tbilisi meri Kaxa Kaladze bildiriblər ki, qanun pozuntularına və zorakı cəhdlərə yol verilməyəcək, hər kəs qanun qarşısında cavab verəcək.
Daxili İşlər Nazirliyi artıq bəzi müxalifət nümayəndələrini “hakimiyyətin devrilməsinə çağırış” ittihamı ilə saxlayıb. Təhlükəsizlik qüvvələrinin nümayişlərə hazırlaşdığı, xüsusi təlimlər keçdiyi barədə məlumatlar da yayılıb.
Seçkilərə beynəlxalq müşahidəçilərin iştirakı məhdud olacaq. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT/ODIHR) missiyası Gürcüstan hakimiyyətinin dəvəti gec göndərdiyi üçün tam heyətlə müşahidə aparmayacaq.
Ekspertlər hesab edirlər ki, müxalifətin elan etdiyi “birgünlük inqilab” ssenarisi real hakimiyyət dəyişikliyi ilə nəticələnməyə bilər. Onların fikrincə, daha çox ehtimal olunan ssenari paytaxt və bəzi iri şəhərlərdə kütləvi etiraz aksiyalarının keçirilməsi, polis ilə toqquşmalar və seçki sonrası uzunmüddətli siyasi gərginlikdir.
Qeyd edək ki, seçkilər zamanı həm paytaxt Tbilisidə, həm də 63 digər bələdiyyədə mer və sakrebulo (bələdiyyə məclisi) üzvləri müəyyən ediləcək.
Ötən ilin sonunda parlament seçki məcəlləsinə dəyişikliklər edərək majoritar yerlərin sayını artırıb. Tbilisi sakrebulo artıq 50 üzvdən ibarətdir, bunun yarısı proporsional, yarısı isə majoritar qaydada seçiləcək. Proporsional mandatlar üçün seçki baryeri 4 faiz müəyyən olunub, yəni bu həddi keçə bilməyən partiyaların nümayəndələri bələdiyyə üzvü seçilə bilməyəcək.