AZ

Tramp Rusiya-Ukrayna müharibəsini dayandıra bilmədi: Yaxın Şərqə keçdi

"Rusiya ilə ABŞ arasında müzakirə predmeti olan bir sıra mövzular var".

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, onlardan biri və ən aktualı məhz Ukrayna mövzusudur:

"Rusiya və ABŞ prezidentləri bu il görüş keçirdilər. Lakin həmin görüş nəticəsində hər hansı bir ciddi nəticə ortaya qoyulmadı. Bu da təbii ki, məsələnin mürəkkəbliyi ilə bağlıdır. Ümumiyyətlə, Donald Tramp hakimiyyətə gəldikdən sonra Ukrayna mövzusunu həll etməyə tələsirdi. Ukrayna mövzusunu həll etdikdən sonra Yaxın Şərq probleminə keçməyə çalışırdı. 

Bunun üçün çox ciddi təşəbbüslər ortaya qoydu, Rusiya Prezidentinin ünvanına çox xoş sözlər səsləndirdi. Daha sonra Ukrayna Prezidentini ittiham etdi, "seçkisiz diktator" adlandırdı. Hətta Ukraynanın heç vaxt əvvəlki sərhədlərinə qayıtmayacağı ilə bağlı fikirlər səsləndirdi". 

383272

Ekspertin sözlərinə görə, Tramp bu yolla sanki Rusiya tərəfinin könlünü almaq və Avropa liderlərindən fərqli olaraq onu masaya oturtmağa çalışdı:

"Amma bu istiqamətdə bir uğur əldə edə bilmədi. Rusiya-Ukrayna mövzusunda hər hansı bir razılaşmanın şahidi deyilik. Əksinə, müharibə daha da geniş miqyas alıb. 

Qarşılıqlı dron hücumları və raket hücumları, eləcə də döyüş meydanında baş verənlər onu göstərir ki, müharibə hələ davam edəcək. Müharibənin ən azından bu ilin sonuna qədər bitməsi real görünmür. Düzdür, payızda məsələnin müzakirə edilməsi nəzərdə tutulur, amma payızın da sonuna çox vaxt qalmayıb". 

Həmsöhbətimiz hesab edir ki, Trampın problemlərin həlli məsələsində rotasiya edir:

"Yəni problemlərin həllində növbəliliyi dəyişib. Əvvəl istəyirdi ki, Rusiya-Ukrayna məsələsini həll etsin, ən azından atəşkəsə nail olsun, sonra Yaxın Şərq məsələsinə keçsin. Amma onu həll edə bilmədiyini gördüyü üçün münaqişələrin yerlərini dəyişdi. İndi ilk növbədə Yaxın Şərq məsələsini həll etmək, sonra Rusiya-Ukrayna məsələsinə keçmək istəyir.  

Əslində, Rusiya-Ukrayna məsələsi çox çətin mövzudur və həlli o qədər də real görünmür. Çünki heç bir tərəf, xüsusilə də Rusiya bu məsələdə geri addım atmaq niyyətində deyil. Rusiya Ukraynanı öz dövlətçiliyi, möhkəmliyi və imperiya ambisiyaları üçün kilid nöqtə hesab edir. Ukrayna isə ərazilərinin dağıldığını, işğal olunduğunu görür və geri qaytarmaq istəyir. Avropa liderləri də Ukraynanı Avropaya qapı hesab etdiklərindən, Rusiyaya bu məsələdə göz yummurlar". 

Xəyal Bəşirov diqqətə çatdırıb ki, bu da məsələnin "kor düyünə" çevrilməsinə səbəb olur:

"Donald Tramp isə bu düyünü kəsməyə çalışır. Amma düşünürəm ki, bu düyünün kəsilməsi yaxın zamanda real görünmür. Düzdür, payızda danışıqların bərpa olunma ehtimalı var. Amma o da bir şərtlə ki, Yaxın Şərq məsələsində razılaşma əldə edilsin. 

Artıq Yaxın Şərq üzrə 20 maddəlik sülh təklifi var. Bu təklif hələlik HƏMAS tərəfindən qəbul olunmayıb. Əgər qəbul olunarsa, o halda Rusiya-Ukrayna üzrə danışıqlar da reallaşa bilər. Amma əgər bu razılaşma əldə olunmasa, həmin danışıqlar prosesi yenidən təxirə düşəcək, uzanacaq". 

Pərviz

Seçilən
25
50
hit.az

10Mənbələr