AZ

Ulu Öndər xilaskar lider kimi yaddaşlara həkk olunub- ÖZƏL

"Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olan 3 oktyabr 1993-cü il qurtuluşa aparan yolun başlanğıcı kimi tariximizə əbədi həkk olunmuşdur. Həmin gün Ümummilli Lider Heydər Əliyev xalqın sarsılmaz iradəsi və təkidli tələbi ilə Azərbaycan Respublikasının Prezidenti seçilərək, müstəqil dövlətimizin taleyini öz əllərinə aldı. 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən xaos, anarxiya, silahlı dəstələrin özbaşınalığı, separatizm təhlükəsi və vətəndaş müharibəsi riski məhz Heydər Əliyevin siyasi iradəsi sayəsində aradan qaldırıldı. Onun qətiyyətli addımları ilə ölkədə sabitlik bərpa edildi, Ermənistanla əldə olunmuş atəşkəs isə gələcək qələbələrin ilk təməli oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Parlamentin  Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib: "Heydər Əliyevin prezident seçilməsindən sonra Azərbaycanın hüquqi, siyasi və iqtisadi müstəqilliyi möhkəmləndirildi, ölkə davamlı inkişaf yoluna qədəm qoydu. O, müdrik dövlət xadimi və xilaskar lider kimi xalqın yaddaşında əbədi olaraq yerini aldı. Azərbaycan xalqı o ağır günlərdə xilası yalnız Heydər Əliyevin simasında gördü, ona sarsılmaz inam və etibar göstərdi. Ümummilli Lider çətin sınaqlar dövründə xalqın məsuliyyət yükünü öz çiyinlərinə götürərək milləti parçalanmaqdan, dövləti süqutdan xilas etdi. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyada tanınan, beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevrildi.
Bu gün həmin siyasi kurs Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilir. Azərbaycanın möhtəşəm qələbələri, beynəlxalq arenadakı nüfuzu və Cənubi Qafqazın lider dövlətinə çevrilməsi məhz Heydər Əliyev siyasətinin davamlılığının bariz göstəricisidir. Ulu Öndərin qadınların cəmiyyətdəki roluna verdiyi xüsusi önəm də onun uzaqgörən dövlətçilik yolunun parlaq nümunəsidir. Qadınların idarəetmədə, qərar qəbuletmədə fəal iştirakını zəruri sayan Heydər Əliyev onların potensialını ölkənin tərəqqisinə yönləndirməklə, müasir Azərbaycan dövlətçiliyində mühüm bir ənənə formalaşdırmışdır.
Heydər Əliyev millətinin xilaskarı, müstəqil dövlətimizin qurucusu və daim yaddaşlarda əbədi yaşayacaq liderdir. Onun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır, xalqımız isə böyük minnətdarlıqla bu irsə sadiqlik nümayiş etdirir. Azərbaycan xalqı müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaqla Heydər Əliyevin yolunu daim şərəflə davam etdirəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr