AZ

Mirzoyan: Sünikdən keçən dəmir yolunun tikintisi ən azı 2 il çəkə bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki,  Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Polşanın TVP World kanalına müsahibəsində bildirib ki, Sünikdən keçəcək dəmir yolunun tikintisi ən azı iki il vaxt aparacaq. Nazir qeyd edib ki, ABŞ nümayəndə heyəti ilə texniki detallara dair müzakirələr artıq başlayıb və yaxın aylarda yekunlaşacağı gözlənilir. Bundan sonra isə tikinti işlərinə start veriləcək.
Mirzoyanın sözlərinə görə, tərəflər artıq əsas prinsiplər üzərində razılıq əldə ediblər. İndi isə konkret marşrut, icraçı şirkət, texniki həllər və digər detallar müəyyənləşdirilməlidir.
"Əgər dəmir yolundan danışırıqsa, mütəxəssislər bildirirlər ki, tikinti azı iki il davam edə bilər. Lakin biz işlərin mümkün qədər qısa müddətdə başa çatmasında maraqlıyıq. Bu layihə Ermənistanla Azərbaycan arasında əlaqələrin açılması və bərpası baxımından da mühüm əhəmiyyət kəsb edir. Biz əsas benefisiarlardan biri olacağıq", - deyə Mirzoyan vurğulayıb.
Nazir əlavə edib ki, dəmir yolunun istifadəyə verilməsindən sonra Ermənistan həm də Azərbaycan ərazisindən istifadə etməklə malların göndərilməsi və qəbulu imkanına sahib olacaq. Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri birgə bəyannamə imzalayıb. ABŞ prezidenti Donald Tramp isə sənədə şahid qismində qol çəkib. Bəyannaməyə əsasən, Ermənistan ABŞ-a 99 il müddətinə "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin inkişafı üzrə eksklüziv hüquqlar verib. Layihə Naxçıvanla Azərbaycanın "əsas hissəsi"ni birləşdirəcək dəmir yolunun Sünikdən keçməsini nəzərdə tutur. ABŞ isə infrastrukturun idarəsi üçün ərazini konsorsiuma subarendaya verməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
35
olaylar.az

1Mənbələr