Azərbaycan Prezidenti İlham Əliyev, Koreya Respublikası Prezidenti Li Cemyön və İraq Prezidenti Əbdüllətif Camal Rəşidə milli bayram münasibətilə təbrik məktubu ünvanlayıb.
Prezident Əliyev Koreya liderinə göndərdiyi məktubda iki ölkə arasında iqtisadi-ticari, sənaye, rəqəmsal transformasiya, elm və təhsil sahələrində əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.
“İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Koreya əlaqələrinin möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyətimizin genişləndirilməsi istiqamətində birgə səylərimizi davam etdirəcəyik,” – o bildirib.
İraq Prezidentinə ünvanlanan təbrikdə isə İlham Əliyev Nyu-Yorkda keçirilən son görüşlərini xatırladaraq, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
“Əminəm ki, Azərbaycan-İraq münasibətlərini möhkəmləndirmək və əməkdaşlıq potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik", - Əliyev bildirib.
Prezident Əliyev hər iki ölkənin xalqlarına sülh, rifah və əmin-amanlıq arzularını çatdırıb.