AZ

Fransa kəşfiyyatı Bakıda İran və ABŞ ilə bağlı bu məlumatları toplayırmış 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Martin Ryanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Ryan Azərbaycanda casusluq fəliyyəti ilə məşğul olmaqda, topladığı məlumatları Fransa xüsusi xidmət orqanlarına ötürməkdə ittiham olunur.

Musavat.com xəbər verir ki, Ryan hakim qarşısına tək çıxarılmayıb.

O, müttəhim kürsüsünü dövlətə xəyanətdə ittiham olunan Azad Məmmədli ilə bölüşür.

Hər iki şəxs barəsində cinayət işi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunub.

Prosesdə Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadə elan olunub. O, ifadəsində Fransa səfirliyinin əməkdaşı Frederik Devos ilə telefon danışığı zamanı görüş təyin etdiklərini, amma görüşün səbəbini xatırlamadığını bildirib.

Azad Məmmədli Frederik Devosa öz CV-sini göndərib. Frederik isə onu fransız şirkətində işlə təmin edəcəyi vədini verib. Digər bir yazışmada Martin Ryan Azad Məmmədliyə bildirib ki, klaviaturası işləmədiyi üçün Fransa səfirliyinin digər əməkdaşı Loran Lödit ona səfirlikdən klaviatura və "siçan" hədiyyə edib. Hədiyyəni təqdim edərkən Loran Lödit qeyd edib ki, səfirlikdə istifadəsiz qalan çoxlu texniki avadanlıq var.

Bu hadisədən sonra Azad Məmmədlidə paranoya yaranıb. O, fransız diplomatların onları dost deyil, mənbə kimi gördüklərini düşünməyə başlayıb. Eyni zamanda, Loran Lödit tərəfindən verilən avadanlıqlarda dinləmə cihazı və ya gizli kamera yerləşdirilə biləcəyini düşünüb.

O, Martinə deyib:

"Biz digərlərindən fərqliyik. Azərbaycanın geosiyasi vəziyyəti barədə məlumatlıyıq və bu bilikləri təhlil edib başqalarına ötürə bilərik".

Yazışmanın davamında Martin Ryan Azad Məmmədliyə evində izləmə cihazı ola biləcəyindən şübhəli olduğunu bildirib. Eyni zamanda bu məsələnin mütəxəssislə dəqiqləşdirilməsini tövsiyə edib.

Azad Məmmədli isə Martinin dediklərinin gizli şəkildə yazılmasının belə onun üçün xəyanət kimi dəyərləndiriləcəyini deyib. Söhbətin davamında Martin Ryan Azad Məmmədliyə fransız kəşfiyyatçısı Loran Qrardın "Signal" adlı yazışma proqramı vasitəsilə Qarabağda keçirilən antiterror əməliyyatı ilə bağlı informasiya əldə etməyə çalışa biləcəyini söyləyib. Lakin bu barədə əmin olmadığını, çünki həmin vaxt artıq "Signal" tətbiqini silmiş olduğunu da əlavə edib. Digər danışıqlarda təqsirləndirilən şəxslər bir-birlərinə Azərbaycanın İran və Amerika ilə münasibətləri, USAİD-in bağlanmasının ölkədə doğura biləcəyi nəticələr və DTX tərəfindən izlənilmək qorxusu barədə danışdıqlarını bildiriblər.

Daha sonra prosesdə Azad Məmmədlinin ifadəsi tam məzmunda elan olunub.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar.

"Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Növbəti proses oktyabrın 24-nə təyin edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
30
3
musavat.com

10Mənbələr