AZ

İlham Əliyevin enerji diplomatiyasının uğurlu nəticəsi

TAP vasitəsilə Azərbaycan qazının İtaliyaya çatdırılması iki ölkə arasında etibarlı tərəfdaşlığın göstəricisidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə birgə mətbuata verdiyi bəyanatı dövlətimizin xarici siyasət kursunun uğurlu təzahürü olmaqla yanaşı, Azərbaycan-İtaliya münasibətlərinin strateji səviyyədə dərinləşməsinin növbəti göstəricisidir. Bu bəyanat, Prezident İlham Əliyevin qlobal siyasətdəki müdrik və uzaqgörən liderliyinin daha bir nümunəsi kimi qiymətləndirilməlidir. Milli Məclisin deputatı Fatma Yıldırım qeyd edib ki, Azərbaycan ilə İtaliya arasında mövcud olan münasibətlər sıradan diplomatik əlaqələr çərçivəsində qalmayıb, enerji, müdafiə sənayesi, mədəniyyət, təhsil və yüksək texnologiyalar sahəsində çoxşaxəli strateji tərəfdaşlığa çevrilmişdir: "Prezident İlham Əliyev bəyanatında bu əlaqələrin dərin köklərə malik olduğunu xüsusi vurğulayaraq, iki ölkə arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoqun və iqtisadi əməkdaşlığın nümunəvi səviyyədə inkişaf etdiyini diqqətə çatdırdı. Xüsusilə azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərində İtaliyanın iştirakı və bu ölkənin şirkətlərinin bölgədə aktiv fəaliyyəti Azərbaycanın beynəlxalq tərəfdaşlıq siyasətində inklüziv və əməkdaşlığa açıq yanaşmasını bir daha nümayiş etdirir.
Bugün Azərbaycan-İtaliya əlaqələri yalnız ikitərəfli münasibətlər müstəvisində deyil, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında vacib rol oynayır. İtaliya Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığının genişlənməsində hər zaman etibarlı və prinsipial mövqe sərgiləyib. Avropa İttifaqı-Azərbaycan münasibətlərində son dövrlərdə müşahidə edilən dinamika və müsbət irəliləyişlər gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynaması, Avropaya etibarlı enerji tədarükçüsü kimi çıxış etməsi bu əlaqələrin dərinləşməsində mühüm amildir".

Onun sözlərinə görə, 2020-ci ildən etibarən TAP vasitəsilə Azərbaycan qazının İtaliyaya çatdırılması iki ölkə arasında etibarlı tərəfdaşlığın real nəticəsidir. TAP layihəsinin reallaşması həm də İtaliyanın Azərbaycanın əsas neft və qaz tərəfdaşlarından birinə çevrilməsinə səbəb olmuşdur: "Bu gün Azərbaycan nəinki İtaliya, həm də 14 ölkəyə təbii qaz ixrac edən, coğrafi əhatəsinə görə dünyada lider mövqedə olan bir dövlətdir. Bu isə Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin, eyni zamanda enerji diplomatiyasının uğurlu nəticəsidir.
Eyni zamanda dövlət başçımızın Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı sahəsində əməkdaşlıq istiqamətində səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan təkcə neft-qazla kifayətlənmir, həm də yaşıl enerjiyə keçid prosesində fəal mövqe tutur. Xəzərin dibi ilə Orta Asiyadan Avropaya elektrik ötürülməsi layihəsi gələcəyin strateji enerji dəhlizi olacaq. Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursu milli maraqlara, regional sabitliyə və beynəlxalq əməkdaşlığa əsaslanır. Millətimizin maraqlarını qətiyyətlə qoruyan və qlobal miqyasda nüfuz qazanan lider olaraq cənab Prezidentin bu çıxışı həm daxili həm də xarici siyasət üçün önəmli siqnalları özündə ehtiva edir. Cənab Prezidentin qətiyyətli, ardıcıl və milli maraqlara əsaslanan diplomatik addımları nəticəsində Azərbaycan bu gün güclü dövlət, etibarlı tərəfdaş və regional lider kimi tanınır. İtaliya ilə münasibətlərin daha da möhkəmlənməsi isə bu strateji baxışın daha bir bariz nəticəsidir".

Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu ki, bu da təkcə humanitar xarakterli məsələ deyil: "Fikrimcə, İtaliya-Azərbaycan Universiteti başqa bir Avropa ölkəsi ilə birgə açdığımız təhsil müəssisəsindən həm də bu baxımdan fərqlənir. Fərqliliyin kökündə isə ilk növbədə 2020-ci ilin fevralında cənab Prezidentin İtaliyaya səfəri zamanı imzalanan "Coxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" durur. Bu hərtərəfli strateji tərəfdaşlığın bizim üçün nə dərəcədə əhəmiyyətli olduğu sözü gedən sənədin imzalanmasından cəmisi  yarım il keçəndən sonra, yəni 44 günlük savaş zamanı daha aydın dərk edildi. Xatırladım ki, İtaliya hərbi-texniki əməkdaşlıq qurduğumuz ilk Avropa dövlətlərindən biridir və Ermənistanın işğalçılığını bilə-bilə qərbdəkilərin əksəriyyəti ikinci Qarabağ savaşı və sonrasında onu dəstəklədiklərini, ən azından halına acıdıqlarını gizlətmədikləri halda İtaliya fərqli, həm də prinsipial mövqe tutdu. Bu ölkənin rəsmiləri  çox aqressiv şəkildə haymərkəzli siyasət yeridən, müxtəlif təxribatlara əl atan Fransanı hətta bir neçə dəfə regionda sülhün qarşısını aldığına görə tənqiddən də çəkinmədilər. Belə görünür ki, öz texnoloji uğurlarını Azərbaycanla bölüşən ilk qərb dövləti də məhz İtaliya olacaq. İtaliya-Azərbaycan Universitetinin tədris korpuslarında sinif otaqları ilə yanaşı, müasir texnologiyalara əsaslanan, İtaliyanın Bolonya və Milan Politexnik Universiteti ilə birgə qurulmuş 6 tədqiqat, 7 tədris məqsədli laboratoriya da yəqin bunun üçündür. Yəni İtaliya texnoloji yenilikləri həm də təhsil və tədqiqat vasitəsilə Azərbaycana gətirir, maşınqayırma, aqrar sənaye, memarlıq və dizayn üçün kadrların yetişdirilməsində dəstəyini əsirgəmir".
Millət vəkili qeyd edib ki, İtaliyanın Güney Qafqazla ticarətinin 85 faizi Azərbaycanın payına düşdüyü kimi Azərbaycanın Avropa Biriliyi ilə ticarətində də öncüllük İtaliyadadır: "Özü də Avropa Birliyi ən böyük ticarət tərəfdaşımız sayılır və bizim illik ticarətin yarısından çoxu məhz onunladır. Və bu ilin ilk altı ayının nəticələri göstərir ki, Avropa Birliyi ilə 10 milyard 461,6 milyonluq  ticarət dövriyyəsinin 6 milyard 248,8 milyonu, yəni haradasa 60%-ə qədəri məhz İtaliyanın payına düşür.  Bu yaxınlarda SOCAR API Holdingdən 2,5 milyard avroya İtaliana Petrolini neft emalı və  yanacaqdoldurma şəbəkəsini satın aldı ki, bu da təkcə ticarət sövdələşməsi deyil, həm də strateji xarakterli bir anlaşmadır. İtaliana Petroli sözü gedən ölkənin ən böyük yanacaqdoldurma şəbəkəsi olan bir şirkət kimi  tanınırdı və əgər nəzərə alsaq ki, sözü gedən ölkənin iki Günəş Elektrik Stansiyasının səhmlərinin 49%-i bizdədir, demək,  İtaliyanın birinci neft və ikinci qaz təchizatçısı olmaqla yanaşı, həm də onun enerji infrastrukturunda mühüm rol oynayan bir dövlətik. Yəqin, məhz bu reallıqlara dayanaraq dövlət başçımız cənab İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata birgə  bəyanatı zamanı onun ölkəsinin əsl srtateji tərəfdaş olduğunu vurğuladı. 
Görünən budur ki, Azərbaycan İtaliya ilə əməkdaşlığı daha da dərinləşdirəcək və özünün əsl strateji tərəfdaşının  Orta dəhlizin ən azından ölkəmizdən keçən hissəsində nəzərəçarpacaq mövqe qazanmasında, dəhlizboyu dəyər zəncirinin yaradılmasında yaxından iştirak etməsində də gərəkən dəstəyi verəcək. Yəni hər iki tərəf cənab Sercio Mattarellanın  bildirdiyi kimi aramızdakı dostluq və əməkdaşlığı ən yüksək səviyyəyə qaldırmaqda qərarlıdırlar".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
31
olaylar.az

1Mənbələr