"Bizim rusiyalı tərəfdaşlarımız və istənilən başqa ölkə, beynəlxalq aktor erməni xalqının iradəsinə hörmətlə yanaşmalıdır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Polşanın “TVP World” telekanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Jurnalistin “Aqressiv ritorikadan söz düşmüşkən, soruşum. Rusiya bu gün hansı rolu oynamağa davam edir? Məncə, bu, vacib sualdır, elə deyilmi?
Biz görürük ki, Rusiyanın Cənubi Qafqazda rolu getdikcə zəifləyir. Bəs Ermənistanın təhlükəsizliyinin təmin olunmasında hələ də hər hansı rol oynayırmı? Yoxsa indi, məsələn, 15 il əvvəlki kimi əhəmiyyət kəsb etmir?”,-deyə soruşub.
Ararat Mirzoyan belə cavab verib: “Bilirsiniz, rəsmi səviyyədə biz Rusiyanın yüksək rütbəli rəsmilərinin sülhün bərqərar olması və Vaşinqton bəyannaməsi ilə bağlı alqışlayıcı bəyanatlarını eşitdik.
Eyni rəsmi səviyyədə biz Rusiyanın yüksək rütbəli nümayəndələrinin də bu layihəni (TRİPP) dəstəkləmək və müəyyən dərəcədə iştirak etmək istəyini gördük. Bununla belə, qeyd etməyə bilmərəm ki, biz demək olar hər gün Rusiya mətbuatının, bəzən hətta dövlət mediasının, eləcə də parlament üzvlərinin, ekspertlərin, siyasətçilərin Ermənistan hakimiyyətinə və ölkəmizin hazırkı xarici siyasətinə yönəlmiş sərt tənqidlərinin şahidi oluruq”.
Jurnalist nazirə daha sonra “Niyə? Ermənistanın Qərblə yanaşı inkişaf etməsi, Avropaya yaxınlaşması sevindirici deyilmi?” sualını üvanlayıb.
Ararat Mirzoyan suala belə cavab verib:
“Yəqin ki, bu sualı rusiyalı qonaqlarınıza vermək düzgün olardı, əgər varsa. Lakin təfərrüata varmadan, bu səbəblər həm sadə, həm də kifayət qədər mürəkkəb ola bilər. Hər halda, mən əminəm ki, həm bizim rusiyalı tərəfdaşlarımız, həm də hər hansı digər ölkə və ya beynəlxalq aktor erməni xalqının iradəsinə hörmətlə yanaşmalıdır.
Ermənistanda mütəmadi olaraq demokratik seçkilər keçirilir, siyasi qüvvələr mühüm məsələlərlə bağlı öz proqramlarını, fikirlərini təqdim edir və yekun qərarı Ermənistan vətəndaşları verir.
Baş nazirin rəhbərlik etdiyi siyasi qüvvəmiz ölkədə ciddi daxili siyasi böhranın hökm sürdüyü 2021-ci il növbədənkənar parlament seçkilərində seçicilərin əksəriyyətinin etimadını qazandı. Bu il də bir sıra ictimai rəy sorğuları keçirilib və 2026-cı ilin iyununda yenidən parlament seçkiləri keçiriləcək. Görəcəksiniz".