AZ

Azərbaycanda rəqabət xəritələrinin hazırlanması təklif olunur

Banco.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dövlət müəssisələrinin inzibati resurslardan və üstünlüklərdən istifadə edərək bazarda fəaliyyət göstərməsi, özəl sektorun imkanlarını məhdudlaşdırır və bəzən haqsız rəqabət mühitinə səbəb olur.

Bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib.

Onun sözlərinə görə, büdcədən maliyyələşən dövlət müəssisələri, o cümlədən onların yaratdığı publik hüquqi şəxslər, innovasiya mərkəzləri və institusional alt qurumlar biznes fəaliyyəti ilə məşğul olaraq, özəl sektorla eyni bazarda rəqabət aparır və bu zaman dövlət resurslarından istifadə etməklə üstün mövqe əldə edə bilirlər:

"Onların dövlət resurslarından və inzibati üstünlüklərdən istifadə edərək bazarda üstün mövqe tutmaları özəl sektorun payını və fəaliyyət imkanlarını bəzi hallarda məhdudlaşdırır. Buna görə də dövlət qurumlarının əsas fəaliyyət sahəsinə aid olmayan və daxili bazardan əldə oluna biləcək xidmət və məhsullara dair prosedurlar üzrə tənzimləmə aktlarına yenidən baxılması günün əsas çağırışlarından biridir".

M. Musayev əlavə edib ki, dövlət xidmətlərinin təşkili işində vahid yanaşmanın olmaması, müxtəlif qurumların fərqli təlimatlarla çıxış etməsi bəzən ləngimələrə və dövlət qurumlarının təbii inhisarçılıq sərhədlərinin genişlənməsinə səbəb olur:

"Bu kontekstdə sektorlar üzrə rəqabət xəritələrinin hazırlanması, innovasiya və kooperasiya modellərinin stimullaşdırılması, patent bazarı və texnologiya transferi mexanizmləri rəqabətin yaxşılaşmasına imkan aça bilər. Eyni zamanda regionlarda rəqabətli biznes klasterləri əsasında yeni resurslara əsaslanan fərqli bazar modeli yaratmaq mümkündür".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
banco.az

2Mənbələr