AZ

Şübhəli villa əməliyyatından sonra indi də kütləvi etiraz: AYNA da nə baş verir?

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin 1 milyonluq villa alması haqda xəbərin ajiotajı səngiməmiş indi də qurumun fəaliyyəti ilə bağlı kütləvi etirazlar barədə məlumatlar dolaşır. Belə ki, AYNA-nın tabeliyində olan “AzParking” şirkətinin bələdçisi Kənan İlyasov sosial şəbəkə hesabında ölkə başçısı, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin rəhbərliyinə videomüraciət ünvanlayıb. O bildirib ki, işdəki nöqsanları işıqlandırdığı üçün təhdid edilir.

Sitat: “Mənə çoxsaylı hədə-qorxular gəlmişdilər ki, sən hər hansı bir video çəksən, telekanallara çıxsan, müsahibə versən, müqavilənə xitam verib işdən uzaqlaşdıracağıq. Bundan əvvəl də bu şirkətdən şikayət etmişdik. Bayram günlərində işlədib, pulumuzu verməmişdilər. Şikayətdən sonra ödənişi etdilər”.

Paralel olaraq, hazırda parkinqlərdən əldə edilən vəsaitlərin hara xərcləndiyi də sual altındadır.

AYNA-da nə baş verir? Qurumun fəaliyyəti niyə qənaətbəxş deyil?

Globalinfo.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı deyib ki, “AzParking”in yol kənarı parklanmanı pullu etməsi absurddur:

“Yol kənarında heç bir əlavə xərc olmadan sadəcə xətt çəkilir və sürücülərdən pul tələb olunur. Halbuki, ödəniş yalnız xüsusi qarajların tikintisi və saxlanılması kimi xərclərin qarşılanması üçün əsaslı ola bilər. Dəfələrlə deyirik ki, toplanan vəsaitlərin həcmi, aylıq, illik gəlirlər və onların xərclənmə istiqamətləri barədə şəffaf məlumat verilmir. Bu baxımdan AYNA-nın fəaliyyəti qane etmir. Çox vaxt çəkilən lazımsız xətləmələr, istifadəsiz velosiped zolaqları, düzgün tənzimlənməyən işıqforlar və digər tədbirlər tıxac problemini aradan qaldırmaq əvəzinə daha da ağırlaşdırır”.

Tural Abbaslı

Partiya sədri bildrib ki, yaşanan problemlərin əsas səbəbi qurumda peşəkar kadrların çatışmazlığıdır:

“Kim nə görürsə, olduğu kimi tətbiq etməyə çalışır. Fransada, Böyük Britaniyada mövcud olan praktikaları, istənilən yeniliyi bura da gətirirlər. Halbuki Bakının özünəməxsus spesifik xüsusiyyətləri, fərqli landşaftı, iqlimi və insanların yanaşma tərzi var. Son dövrlərdə isə ümumilikdə AYNA-nın, o cümlədən tərkibindəki “AzParking”in əsas məqsədi yalnız pul toplamaqdır. Bunun qarşısını almaq üçün isə müvafiq bir nəzarət strukturu olmalıdır. Bu mənada peşəkar mütəxəssislər işə cəlb edilməli, zərurət olduqda beynəlxalq təcrübəyə malik ölkələrdən ekspertlər dəvət olunmalıdır. Yalnız elmi əsaslara söykənən və peşəkar yanaşma ilə Bakının nəqliyyat və parklanma problemlərini həll etmək mümkündür”.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, ilk növbədə AYNA-nın daxili audit şöbəsi maliyyə işlərinə nəzarət etməli və araşdırma aparmalıdır:

Aslan Əsədov

“Araşdırmaların nəticəsi ilə bağlı yəqin ki, ictimaiyyətə məlumat veriləcək. Sonrakı proseslər isə səlahiyyətli dövlət qurumlarının fəaliyyəti çərçivəsində həll edilməlidir. Bütün hallarda məsələyə obyektiv qiymət verilməlidir”.

Globalinfo.az “AzParking”lə bağlı səsləndirilən şikayətlərlə bağlı quruma sorğu ünvanlayıb. Bildirilib ki, sosial mediada yayılan iddialar həqiqəti əks etdirmir və ictimaiyyətdə yanlış rəy formalaşdırır:

“Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bütün əməkdaşlarımızın əmək hüquqları tam qorunur. Adı çəkilən əməkdaş (Kənan İsmayılov) işdən azad edilməyib, şirkətdə fəaliyyətini davam etdirir. İddialarla bağlı isə hüquq mühafizə orqanları araşdırmalar aparır”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
globalinfo.az

2Mənbələr