Etirazlar artıq üçüncü gündür davam edir. Boloniya və Turində etirazçılarla polis arasında toqquşmalar, həmçinin vandalizm hadisələri qeydə alınıb. Turin şəhərində iştirakçılar "High-tech Week" tədbirinin sahəsinə daxil olaraq böyük ekranları və stendləri dağıdıblar. Tədbirdə Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Amazon-un qurucusu Jeff Bezosun iştirak etməsi gözlənilir. Hüquq-mühafizə orqanları mümkün iğtişaşların qarşısını almaq üçün tam hazırlıq vəziyyətindədir.
Hazırkı etirazlar açıq-aydın anti-hökumət xarakteri daşıyır. Müxalifət Meloni hökumətini "Fələstinlilərə qarşı cinayətkar İsrail rejimini dəstəkləməkdə" ittiham edir. Baş nazir və nazirlər isə "Sumud" missiyasını məsuliyyətsiz və yalnız Yaxın Şərq böhranının həllini çətinləşdirən bir aksiyalar silsiləsi kimi qiymətləndirirlər. Missiyada həm İtaliya gəmiləri, həm də vətəndaşları iştirak edib. İsrail tərəfindən əməliyyat çərçivəsində 40 italyan aktivist saxlanılıb. İtaliya Xarici İşlər Nazirliyinin məlumatına görə, onlarla yaxşı rəftar olunur və yaxın günlərdə vətənlərinə göndəriləcəklər. Dörd italyan parlamentar, o cümlədən iki Avropa Parlament üzvü artıq azad edilib və Romaya qayıdıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31