AZ

MİT əməliyyat keçirdi: MOSSAD üçün casusluq edən detektiv yaxalandı - FOTOLAR

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT), İsrail gizli xidməti MOSSAD üçün casusluq edən Serkan Çiçək adlı şəxsi yaxalayıb.

Sherg.az xəbər verir ki, Milli İstihbarat Təşkilatı İsrailə işlədiyi müəyyən edilən şəxsi “Metron Fəaliyyəti” adlanan əməliyyatla tutub.

MİT, İstanbul Cumhuriyyət Baş Prokurorluğu və İstanbul İl Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən birgə əməliyyat nəticəsində MOSSAD-a işlədiyi təsbit olunan Serkan Çiçək saxlanılıb.


MİT-in apardığı araşdırmalarda məlum olub ki, Serkan Çiçək İsrail Onlayn Əməliyyat Mərkəzinin üzvü Faysal Raşid ilə əlaqə saxlayıb. Çiçək, Raşidin İsrailin Yaxın Şərq siyasətlərinə qarşı çıxan bir fələstinli aktivistə yönəlmiş agentlik fəaliyyətini qəbul edib.

Araşdırmalara əsasən, əsl adı Məhəmməd Fatih Keleş olan Serkan Çiçək iş həyatında böyük borclara girdikdən sonra adını dəyişdirib. O, ticarəti buraxaraq 2020-ci ildən etibarən “Pandora Detektivliyi” adlı büro quraraq bu işlə məşğul olmağa başlayıb.

Bu müddətdə, İsrailə casusluq etdiyi üçün həbs edilən və şəxsi məlumatların əldə olunması məsələsində maddi qazanc müqabilində detektivlərə dəstək verən Musa Quş və vəkil Tuğrulhan Diple tanış olub. Çiçək, fəaliyyətləri çərçivəsində hər ikisi ilə əməkdaşlıq edib.

Detektivlik fəaliyyəti ilə məşğul olan Serkan Çiçək MOSSAD agentlərinin diqqətini çəkib. MOSSAD üzvü Faysal Raşid özünü xaricdə bir hüquq bürosunun əməkdaşı kimi təqdim edərək 31.07.2025-də WhatsApp vasitəsilə Serkan Çiçək ilə əlaqə yaradıb.

Məlum olub ki, Raşid Çiçəyə izləmə işi müqabilində 4 min ABŞ dolları dəyərində kriptovalyuta ödəyib.

Faysal Raşid ondan Başakşəhərdə yaşayan, İsrailin Yaxın Şərq siyasətlərinə qarşı çıxan bir fələstinli aktivisti 4 gün izləməsini istəyib. Bunun üçün 01.08.2025-də Çiçəyə 4 min dollar dəyərində kriptovalyuta köçürüb.

Çiçək internetdə axtarış apararkən hədəfin fələstinli aktivist olduğunu öyrənib. Hətta, dəstək aldığı Musa Quşun İsrailə işlədiyi üçün 19 il həbs cəzası aldığını bildiyi halda Raşidin təklifini qəbul edib.

Serkan Çiçək, əslində MOSSAD agenti olan Raşidin verdiyi ünvana gedərək hədəfi tapmağa çalışsa da, tapa bilməyib. Daha sonra kirayə ev axtarma bəhanəsi ilə 01-02.08.2025 tarixlərində həmin əraziyə daxil olub kəşfiyyat aparıb. Lakin tələb olunan məlumatları toplaya bilməyib.

İstanbul Cumhuriyyət Baş Prokurorluğu məsələ ilə bağlı açıqlama yayıb:

“İstanbul Cumhuriyyət Baş Prokurorluğunda aparılan istintaq çərçivəsində; Milli İstihbarat Təşkilatının təqdim etdiyi məlumatlara görə, İsrail kəşfiyyat nümayəndələri ilə görüşlər keçirən, ölkəmizdə yaşayan fələstinli aktivistlərə qarşı fiziki izləmə aparan, İsrail kəşfiyyatının hədəfində olan şəxslər barədə məlumat toplayaraq onlara ötürən 2 nəfərin olduğu müəyyən edilmişdir.”

“Müəyyən edilən şəxslərin saxlanılması üçün şəhərimizdəki 3 ünvanda (1 Vəkillik Ofisi daxil olmaqla) 03.10.2025 tarixində əməliyyat həyata keçirilmişdir. Həyata keçirilən əməliyyat nəticəsində 1 nəfər saxlanılıb, qaçan digər şəxs isə hələ də axtarışdadır.”
Seçilən
25
1
sherg.az

2Mənbələr