AZ

Elgün Cavadov: "Astaranın Sım kəndində arıçılıq təsərrüfatı yaradılır"

Dövlət Turizm Agentliyinin (DTA) təşkil etdiyi mediatur zamanı Agentliyin şöbə müdiri Elgün Cavadov jurnalistlərə bildirib ki, Sım kəndində turizm infrastrukturu və əhali məşğulluğu istiqamətində ciddi irəliləyişlər müşahidə olunur.

O qeyd edib ki, əsas məqsəd turizm baxımından cəlbedici, icması aktiv olan kəndləri seçib orada abadlıq işlərini həyata keçirməkdir: “Bu, gələcəkdə digər kəndlər üçün də stimul olacaq. Dövlət vəsaiti olmayan, amma təşəbbüslə çıxış edən kəndlər buradan ilhamlanaraq öz imkanları ilə addım ata biləcəklər”.

Elgün Cavadovun sözlərinə görə, bu günə qədər Sım kəndində müxtəlif infrastruktur layihələri icra olunub: “Təndir evləri hazırlanıb, sanitar qovşaq inşa edilib, kənd boyu 32-dən çox məlumat lövhəsi quraşdırılıb, kəndin yolu müvafiq qurumlarla müəyyən dərəcədə düzəldilib. Gələcəkdə kənd içi yolların tamamilə təmiri də nəzərdə tutulur”.

Agentlik tərəfindən keçirilən qrant müsabiqəsi çərçivəsində iki layihənin icra olunduğunu qeyd edən Elgün Cavadov bildirib ki, bunlardan biri nümunəvi arıçılıq təsərrüfatının yaradılması, digəri isə kənddə infrastruktur obyektlərinin tikintisidir: “Hazırda satış köşkü tikilir. Açıq hava muzeyini də görəcəyik, onun üçün ayrıca bina da nəzərdə tutulub. Piknik ərazilərinin yaradılması, uşaqlı ailələr üçün oyun meydançasının salınması planlaşdırılıb”.

O əlavə edib ki, kənddə görülən işlərin nəticəsi olaraq turistlərin sayında ciddi artım müşahidə olunur: “Vaxtilə buraya il ərzində minə yaxın turist gəlirdisə, artıq indi hər yay ayı ərzində 2000-dən çox turist gəlir. 2017–2019-cu illərlə müqayisədə, son iki ildə tendensiya tamamilə dəyişib”.

Elgün Cavadov bildirib ki, növbəti illərdə də kənddə infrastrukturun mütəmadi olaraq yaxşılaşdırılması nəzərdə tutulur: “Kənd içi yolların düzəldilməsi, fasad işlərinin aparılması, kənd evləri və küçələrin görünüşünün abadlaşdırılması planlaşdırılıb”.

Sonda o qeyd edib ki, məqsəd Azərbaycanın kənd turizmi potensialını nümayiş etdirən nümunəvi kəndlərdən biri olan Sım kəndi modelini digər bölgələrdə də yaymaqdır: “Sım kəndi yeganə deyil. Azərbaycanda Sım kimi kifayət qədər gözəl kəndlərimiz var və məqsədimiz həm də budur ki, insanlar kəndlərdə qalıb yaşasınlar və məşğulluğu əsas prioritetlərindən birinə çevirsinlər”.

Seçilən
45
fed.az

1Mənbələr