AZ

Sım-da yerli sahibkarlara dəstək göstərilir - Agentlik rəsmisi

2025-ci ilin sonunadək Astaranın Sım kəndində bir sıra turizm infrastrukturu layihələri həyata keçiriləcək. Plana əsasən, satış köşkləri, muzey, piknik əraziləri və uşaq oyun meydançaları inşa olunacaq. Bu barədə Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov anews.az-a müsahibəsində deyib.

Rəsminin sözlərinə görə, kəndin əsas turizm resursu olan şəlalələrə gedən yol artıq abadlaşdırılıb, yol kənarında park yeri salınıb və bu, yeni ictimai-iaşə obyektlərinin yaranmasına təkan verib.

“Görülən bütün bu işlərin əsas məqsədi — turizm vasitəsilə kəndlərdə iqtisadi fəallığı və məşğulluğu artırmaq, regionda isə nümunəvi kənd turizmi modelini formalaşdırmaqdır,” –  Cavadov 3 oktyabrda Dövlət Turizm Agentliyinin təşkil etdiyi mediatur zamanı anews.az-a bildirib.

Elgün Cavadov əlavə edib ki, yerli sahibkarlığın stimullaşdırılması məqsədilə Dövlət Turizm Agentliyi və Dövlət Məşğulluq Agentliyi tərəfindən 6 evə qonaq qəbuluna uyğun avadanlıqlar verilib.

“Bu evlər artıq turistlərin qəbulu üçün tam şəkildə təchiz olunub. Həmçinin kənd sakinlərinə — xüsusilə bələdçilərə — peşəkar turizm təlimləri də keçirilib,” – Cavadov qeyd edib.

Sım kəndi, Astaranın dağlıq bölgəsində yerləşən, təbiət mənzərələri və şəlaləsi ilə tanınan bir kənddir. 2025-ci ilin yay aylarında kəndə 2 000-dən çox turist səfər edib.

Aytac Zeynaova

Seçilən
49
anews.az

1Mənbələr