AZ

AAV amfibiya hücum maşını ABŞ Dəniz Piyadalarının istismarından çıxarılıb

ABŞ Dəniz Piyadaları Korpusu rəsmi olaraq “Assault Amphibious Vehicle” (AAV) amfibiya hücum maşınını istismardan çıxarıb.

“Poliqon” “Defence Blog” nəşrinə istinadən xəbər verir ki, 53 il xidmət göstərən AAV-nin istismardan çıxarılması ilə bağlı Kaliforniya ştatında yerləşən Hücum Amfibiya Məktəbində mərasim keçirilib.

“AAV-P7 gəmidən sahilə keçid, zirehli döyüş maşını, əsgər daşıyıcısı, logistika platforması və bəzən hətta qayıq kimi, bir çox vəzifələrdə istifadə olunub. Ən önəmlisi isə, əsgərlərin xidmət və fədakarlıqları ilə döyüşdə iz qoyduğu bir yerdə olması idi”, – deyə Hücum Amfibiya Məktəbinin komandiri polkovnik Lin V. Berendsen bildirib.

AAV-nin tarixi amfibiya döyüşlərinin inkişafı ilə sıx bağlıdır. O, 1942-ci ilin avqustunda Solomon Adaları Kampaniyasında ilk döyüşdə iştirak etmiş “Landing Vehicle, Tracked” (LVT) vasitəsini əvəz edib. LVT Taravadan İnçona qədərki amfibiya hücumlarında həlledici rol oynayıb və Vyetnam Müharibəsi boyunca da xidmətini davam etdirib, piyadaların çimərlikləri, çayları və su basmış əraziləri atəş altında keçməsinə imkan yaradıb.

1972-ci ildə, ilkin olaraq “Landing Vehicle, Tracked, Personnel-7” adı ilə təqdim edilən AAV, suda hərəkəti təmin edən mühərrik və rampası ilə gəmidən sahilə keçidi asanlaşdırıb. 1980-ci illərdə həyata keçirilmiş geniş xidmət ömrü uzatma proqramı çərçivəsində yeni mühərriklər, transmissiyalar və silah sistemləri əlavə olunub və platforma AAV-7A1 olaraq yenidən dizayn edilib. Zaman keçdikcə AAV müasir döyüş tələblərinə cavab verəcək şəkildə təkmilləşdirilib.

AAV-nin əməliyyat tarixi yarım əsr boyunca qlobal missiyaları əhatə edir. O, ABŞ Dəniz Piyadalarını Qrenadada sahilə çıxarıb, Somalidə humanitar əməliyyatlara dəstək verib, Fars Körfəzi Müharibəsi və İraq münaqişələrində əsgərləri daşıyıb.

AAV-nin istismardan çıxarılması ABŞ Dəniz Piyadaları Korpusunun ACV amfibiya döyüş maşınına keçidi ilə eyni vaxta təsadüf edir. Bu platforma gələcəkdəki döyüş ehtiyaclarına cavab verəcək. 8×8 təkər formullu ACV artırılmış hərəkətlilik, qorunma və adaptasiya qabiliyyəti təqdim edir. Onun bir neçə variantı mövcuddur: əsgər daşıma, komanda-idarəetmə, təmir-bərpa və atəş dəstəyi.

Seçilən
9
poliqon.az

1Mənbələr