AZ

Ermənistan Azərbaycanın şərtlərindən imtina etdiyini açıqladı - ŞOK GƏLİŞMƏ

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın TVP World telekanalına müsahibəsində rəsmi İrəvanın Azərbaycanın irəli sürdüyü ilkin şərtləri qəbul etmədiyini bəyan edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Ermənistan bu gündəliyi bölüşmür.

Nazir bildirib ki, yekun sülh müqaviləsi imzalanmasa belə, paralel şəkildə həyata keçirilə biləcək proseslər mövcuddur:

“Məsələn, bir-birimizə daha dözümlü yanaşmaq, yaxud beynəlxalq platformalarda əməkdaşlıq perspektivlərini müzakirə etmişik”, – Mirzoyan vurğulayıb.

Musavat.com-a görə Mirzoyanın bu açıqlaması bir daha göstərir ki, erməni rəsmiləri – başda da Nikol Paşinyan olmaqla – tez-tez auditoriyaya uyğun danışırlar. Azərbaycanla görüşlərdə bir məntiqlə danışan hökumət təmsilçiləri, daxili auditoriya üçün fərqli, Qərb auditoriyası üçün isə tamamilə başqa mövqelər sərgiləyirlər.

Bu, indiki Ermənistan hökumətini xarakterizə edən əsas məqamlardan biridir: Paşinyan administrasiyası “ziqzaqlı” siyasət yürütməyi və siyasi manevrləri sevir.

Xatırladaq ki, avqustun 8-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə imzalanan anlaşmalara görə, Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə razılaşıb. Azərbaycanın əsas şərti də məhz bundan ibarətdir – əks halda, sülh müqaviləsi imzalanmayacaq.

Paşinyan hökuməti həmin vaxt bu məsələ ilə razılaşaraq, hətta bunu həll etmək istiqamətində addımlar atacağına dair açıqlamalar vermişdi. Lakin indi Mirzoyan Avropa mediasına çıxaraq tam əks mövqe nümayiş etdirir və Azərbaycanın şərtlərinin qəbul olunmadığını bəyan edir.
Azərbaycan dövlətinin bu məsılə ilə bağlı açıqlaması gözlənilir.

Musavat.com

Seçilən
9
1
musavat.com

2Mənbələr