AZ

Azərbaycan dövlətçiliyinin yeni mərhələsi  

XX əsrin sonlarında geosiyasi xəritənin dəyişməsi, xüsusilə SSRİ-nin dağılması postsovet məkanında mürəkkəb proseslərə yol açdı. Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etsə də, 1991–1993-cü illər ölkənin siyasi tarixinə dərin böhran, vətəndaş qarşıdurmaları, separatizm və müharibə məğlubiyyətləri dövrü kimi daxil oldu. Dövlətin mövcudluğu təhlükə altında idi: mərkəzi hakimiyyət zəifləmiş, orduda parçalanmalar baş vermiş, ölkə ərazisinin 20 faizi işğal olunmuşdu.

1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.

Belə bir şəraitdə 1993-cü il iyunун 9-да xalqın tələbi ilə Bakıya dəvət olunan Heydər Əliyev həmin il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri, oktyabrın 3-də keçirilən seçkilərdə isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu gün yalnız siyasi liderin hakimiyyətə dönüşü deyil, həm də müstəqil dövlətçiliyimizin xilası və davamlı inkişaf yoluna çıxışı kimi tarixləşdi.

Heydər Əliyevin Prezident seçilməsi xalqın dövlətçilik naminə etdiyi xilaskarlıq seçimi idi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.

Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içdi. Heydər ƏliyevAzərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.

Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyi təmin etdi. Onun ilk tədbirləri sırasında qeyri-qanuni silahlı dəstələrin tərksilah edilməsi, ordu quruculuğunun başlanması, dövlət çevrilişi cəhdlərinin qarşısının alınması və hüquqi dövlət quruculuğuna start verilməsi dayanırdı.

1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən yeni Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını təsbit etdi. Bu, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində dönüş mərhələsi oldu.

Bunlarla yanaşı, Heydər Əliyevin respublikamıza rəhbərliyi ölkənin inkişaf strategiyasının həyata keçirilməsi ilə səciyyələnir. Ulu Öndərin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır. Heydər Əliyev bu müqaviləni Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunmasında həlledici addım kimi qiymətləndirilir.

Bakı–Novorossiysk (1996), Bakı–Supsa (1999) və Bakı–Tbilisi–Ceyhan (2002) kəmərləri Azərbaycanın geosiyasi mövqeyini gücləndirdi. Bu layihələr regionu beynəlxalq enerji əməkdaşlığının mərkəzinə çevirdi. Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.

Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır.

Özəlləşdirmə proqramları, dövlət idarəçiliyinin peşəkarlaşdırılması, senzuranın ləğvi, Ombudsman və Konstitusiya Məhkəməsinin yaradılması hüquqi dövlətin əsaslarını möhkəmləndirdi. Məhz Ulu Öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir. Bütün hüquq mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olunmuş və “qanunun aliliyi” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür.

Heydər Əliyev milli həmrəyliyin təminatçısı kimi azərbaycançılıq məfkurəsini dövlət ideologiyasına çevirdi. Bu ideologiya yalnız ölkə daxilində deyil, həm də diaspor səviyyəsində milli birliyin əsas dayağı oldu. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrildi.

Heydər Əliyev Qərb, Rusiya, Türkiyə və İranla paralel şəkildə münasibətlər quraraq balanslaşdırılmış siyasət yürüdürdü. Azərbaycan Avropa Şurasına üzv oldu, GUAM-ın təsisçilərindən biri kimi regional əməkdaşlıqda aktiv rol oynadı. Ulu Öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu tarazlaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.

Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək tarixi İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. 

Ulu Öndər Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir. Onun tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz Ümummilli Liderin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu Öndərin bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.

Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin inkişaf trayektoriyasını müəyyənləşdirdi. 2003-cü ildən sonra Prezident İlham Əliyev bu kursu davam etdirərək, iqtisadi artımı və ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasını təmin etdi.

O cümlədən Silahlı Qüvvələrimizin texniki və struktur baxımından daha gücləndirilməsinə başlanıldı. Ordunun gücləndirilməsi və diplomatik müstəvidə prinsipiallıq 2020-ci ildə Vətən Müharibəsində qələbə ilə nəticələndi. Bununla yanaşı, regionda yeni güc balansının formalaşmasına, Azərbaycanın siyasi nüfuzunun yüksəlməsinə nail olundu.

44 günlük Vətən müharibəsində qazanılan Zəfər göstərdi ki, Heydər Əliyevin əsası qoyduğu dövlətçilik konsepsiyası yalnız bir dövrün deyil, bütövlükdə müasir Azərbaycanın inkişaf fəlsəfəsidir.

1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı müstəqilliyimizi və dövlətçiliyimizi xilas etdi. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Heydər Əliyevin siyasi irsi qurtuluşdan başlayaraq inkişaf və zəfərə qədər uzanan dövlətçilik konsepsiyasıdır. Bu konsepsiya müstəqil Azərbaycan dövlətinin tarixi taleyini yalnız qorumaqla kifayətlənməmiş, onu güclü və nüfuzlu regional aktora çevirmişdir.

Rufiz QONAQOV,

siyasi elmlər üzrə fəlsəfə doktoru

Seçilən
16
12
azerbaijan-news.az

10Mənbələr