AZ

3 oktyabr 1993: Heydər Əliyevin hakimiyyətə qayıdışı və Azərbaycan dövlətçiliyinin yeni mərhələsi

Bakı, 3 oktyabr, AZƏRTAC

Siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun bu məqaləsində 3 oktyabr 1993-cü il prezident seçkilərinin Azərbaycan dövlətçiliyi tarixindəki rolu elmi-analitik müstəvidə araşdırılır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının dövlətin süqut təhlükəsindən xilas edilməsində, ictimai-siyasi sabitliyin təmin olunmasında, iqtisadi inkişafın əsaslarının qoyulmasında, hüquqi dövlət quruculuğunda, milli ideologiyanın formalaşmasında və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsində oynadığı həlledici rol təhlil olunur. AZƏRTAC məqaləni təqdim edir.

x x x

XX əsrin sonlarında geosiyasi xəritənin dəyişməsi, xüsusilə SSRİ-nin dağılması postsovet məkanında mürəkkəb proseslərə yol açdı. Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etsə də, 1991–1993-cü illər ölkənin siyasi tarixinə dərin böhran, vətəndaş qarşıdurmaları, separatizm və müharibə məğlubiyyətləri dövrü kimi daxil oldu. Dövlətin mövcudluğu təhlükə altında idi: mərkəzi hakimiyyət zəifləmiş, orduda parçalanmalar baş vermiş, ölkə ərazisinin 20 faizi işğal olunmuşdu.

Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan mürəkkəb problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə ölkəyə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.

Belə bir şəraitdə 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya dəvət olunan Heydər Əliyev iyunun 15-də Milli Məclisin Sədri seçildi və oktyabrın 3-də keçirilən ümumxalq səsverməsində Azərbaycan Respublikasının Prezidenti oldu. Həmin gün yalnız siyasi liderin hakimiyyətə dönüşü deyil, həm də müstəqil dövlətçiliyimizin xilası və davamlı inkişaf yoluna çıxışı kimi tarixləşdi.

Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etdi, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.

Ümummilli Lider Heydər Əliyev andiçmə mərasimindəki nitqində demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Ulu Öndər prezident seçildikdən sonra qısa müddətdə sabitliyi təmin etməyə nail oldu. Onun ilk tədbirləri sırasında qeyri-qanuni silahlı dəstələrin tərksilah edilməsi, ordu quruculuğunun başlanması, dövlət çevrilişi cəhdlərinin qarşısının alınması və hüquqi dövlət quruculuğuna start verilməsi dayanırdı.

1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən yeni Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını təsbit etdi. Bu, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində dönüş mərhələsi oldu.

Prezident Heydər Əliyev qısa zamanda əsaslı tədbirlər həyata keçirdi:

- Siyasi sabitlik – dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi;

- Ordu quruculuğu – Milli Ordunun əsasları qoyuldu, hərbi nizam-intizam təmin olundu;

- Hüquqi dövlətin təməli – 1995-ci ildə qəbul olunan Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlətin bünövrəsini formalaşdırdı;

- Milli həmrəylik – siyasi parçalanmaya son qoyularaq, dövlətçilik ideyası ətrafında xalq birliyi təmin olundu.

Bu tədbirlər nəticəsində Azərbaycan dövlətçiliyi real süqut təhlükəsindən xilas edildi.

Ümummili Lider Heydər Əliyevin hakimiyyətinin 1995-2003-cü illəri əhatə edən ikinci mərhələsi ölkənin inkişaf strategiyasının aşağıdakı istiqamətlərinin həyata keçirilməsi ilə səciyyələnir:

- Neft strategiyası və iqtisadi yüksəliş. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirib. 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa neft kəmərləri ilə dünya bazarına çıxarılıb. Dövlətimizin başçısı Heydər Əliyev bu müqaviləni Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunmasında həlledici addım kimi qiymətləndirib.

- İnfrastruktur layihələri. Bakı–Novorossiysk (1996), Bakı–Supsa (1999) və Bakı–Tbilisi–Ceyhan (2002) kəmərləri Azərbaycanın geosiyasi mövqeyini gücləndirdi. Bu layihələr ölkəmizi beynəlxalq enerji əməkdaşlığının mərkəzinə çevirdi. Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi anti-Azərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsinin, qətiyyətli mövqeyinin və uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.

- Hüquqi və institusional islahatlar. Ümummilli Liderin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Özəlləşdirmə proqramları, dövlət idarəçiliyinin müasirləşdirilməsi, senzuranın ləğvi, Ombudsman və Konstitusiya Məhkəməsinin yaradılması hüquqi dövlətin əsaslarını möhkəmləndirdi.

- Azərbaycançılıq ideologiyası. Ümummilli Lider Heydər Əliyev milli həmrəyliyin təminatçısı kimi azərbaycançılıq məfkurəsini dövlət ideologiyasına çevirdi. Bu ideologiya yalnız ölkə daxilində deyil, həm də diaspor səviyyəsində milli birliyin əsas dayağı oldu. Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biridir. Azərbaycan xalqının Ümummilli Liderinin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilib.

- Xarici siyasətdə balans. Ulu Öndər Heydər Əliyev Qərb, Rusiya, Türkiyə və İranla paralel şəkildə münasibətlər quraraq balanslaşdırılmış siyasət yürüdürdü. Azərbaycan Avropa Şurasına üzv oldu, GUAM-ın təsisçilərindən biri kimi regional əməkdaşlıqda fəal rol oynadı.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqeyinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlib.

Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.

Dahi Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir. Ulu Öndər tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu Öndərin bir çox dünya dövlətlərinin liderləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul edilməsinə nail olmuşdur.

Xalqımızın dahi oğlu Heydər Əliyevin reallaşdırdığı siyasi xətt müstəqil Azərbaycan dövlətçiliyinin inkişaf trayektoriyasını müəyyənləşdirib. 2003-cü ildən sonra Prezident İlham Əliyev bu kursu davam etdirərək ordunun gücləndirilməsini, iqtisadi inkişafı və beynəlxalq nüfuzun daha da artırılmasını uğurla təmin edib.

Torpaqlarımızın işğalına son qoymaq üçün Ordunun texniki və struktur baxımından gücləndirilməsi üçün mühüm tədbirlər görüldü (illik hərbi büdcə 2003-cü ildə 175 milyon dollar, 2020-ci ildə isə 2,3 milyard dollar).

- 2007: Silahlı Qüvvələrin maddi-texniki bazasının yenilənməsi üzrə dövlət proqramı qəbul edildi.

- 2016: Aprel döyüşləri – ordunun real döyüş qabiliyyəti test edildi.

- 2020: 27 sentyabr – Ermənistanın təxribatına cavab olaraq 44 günlük Vətən müharibəsi başladı.

- 2020: 10 noyabr - Zəfər Günü. Azərbaycan işğal altında olan torpaqlarının böyük hissəsini döyüşlərlə azad etdi. Ermənistan kapitulyasiya aktına imza atdı.

Ordunun gücləndirilməsi və diplomatik müstəvidə prinsipiallıq 2020-ci ildə Vətən müharibəsində Qələbə ilə nəticələndi. Təkcə hərbi Qələbəyə deyil, həm də suverenliyin bərpasına, regionda yeni güc balansının formalaşmasına, Azərbaycanın siyasi nüfuzunun artmasına nail olundu.

Vətən müharibəsində qazanılan Zəfər göstərdi ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyası yalnız bir dövrün deyil, bütövlükdə müasir Azərbaycanın inkişaf fəlsəfəsidir.

Beləliklə Ulu Öndər Heydər Əliyevin siyasi irsi qurtuluşdan başlayaraq inkişafa və Zəfərə qədər yüksələn dövlətçilik konsepsiyasıdır. Bu konsepsiya müstəqil Azərbaycan dövlətinin tarixi taleyini yalnız qorumaqla kifayətlənməyib, onu güclü və nüfuzlu regional aktora çevirib.

 

Seçilən
15
12
azertag.az

10Mənbələr