AZ

Kənd turizmi ilə bağlı planlar AÇIQLANDI

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Astaranın Sım kəndinə mediatur təşkil edilib. 

Mediatur çərçivəsində Sım kəndinin turizm potensialı, ekoturizm və aqroturizmi imkanları nümayiş etdirilib, qonaqlama xidməti göstərən kənd evləri, yerli mətbəx tanıdılıb. 

Modern.az xəbər verir ki, mediatur çərçivəsində agentliyin şöbə müdiri Elgün Cavadov jurnalistləri məlumatlandırıb.

O, qeyd edib ki, Sosial-İqtisadi İnkişaf Dövlət Proqramına əsasən, turistik kənd konsepsiyasına uyğun kəndlərin seçilməsi və həmin kəndlərdə infrastrukturun yaradılması əsas hədəf kimi müəyyən edilib:

"Bu günə qədər bir neçə kənd seçilib və onlarla bağlı layihələndirmə işləri həyata keçirilib. Hazırda layihələndirməsi davam edən kəndlər də var. Məsələn, Qusar rayonunda Laza, İsmayıllıda İvanovka, Qəbələdə Duruca, Qaxda İlisu və Sarıbaş, cənub bölgəsində isə Sım və Bibiyani kimi kəndləri misal göstərmək olar.

Buradakı əsas məqsədimiz turizm baxımından cəlbedici olan kəndləri seçərək onların abadlaşdırılmasını təmin etməkdir. Bu da gələcəkdə dövlət vəsaiti ayrılmayan, lakin potensialı olan digər kəndlərə nümunə olacaq. Belə kəndlərdə yaşayan insanları da həvəsləndirərək, onların öz təşəbbüsü ilə bu sahədə fəaliyyətə başlamasına şərait yaratmaq planlaşdırılır”.

E.Cavadov həmçinin əlavə edib ki, Sım kəndində görülən işlər əsasən infrastrukturun inkişafına yönəlib:  

“Apardığımız sorğulara əsasən, əhali də bunu təsdiqləyir və məşğul olmağa həvəslidir. Nəticədə kənddə məşğulluqla bağlı müəyyən addımlar atılıb. Təndir evi yaradılıb, sanitar qovşaqlar hazırlanıb, kənd boyunca 32-dən çox məlumatverici lövhə quraşdırılıb, kənd yolu müəyyən qədər təmir olunub. Gələcəkdə kənddaxili yolların təmiri də nəzərdə tutulur.

Digər mərhələdə, cari ildə agentliyin qrant müsabiqəsi çərçivəsində iki layihə həyata keçirilir. Bunlardan biri nümunəvi arıçılıq təsərrüfatının yaradılmasıdır. Digəri isə kənddə bəzi infrastrukturun yaradılmasıdır. Məsələn, satış köşkü hazırda hazırlanır. Açıq Hava Muzeyinin gələcəkdə onun binasının hazırlanması, piknik ərazilərinin salınması, eləcə də ailəli, uşaqlı turistlər üçün oyun meydançasının yaradılması planlaşdırılıb. Bütün bu işlər qrant layihəsi çərçivəsində və agentliyin maliyyələşdirməsi ilə həyata keçiriləcək”.

Şöbə müdiri vurğulayıb ki, bütün bu fəaliyyətlərin əsas məqsədi nümunəvi kənd yaradaraq Azərbaycanın kənd turizmi potensialını göstərməkdir. 

“Sım kəndi yeganə deyil. Azərbaycanda Sım kimi kifayət qədər gözəl və potensiallı kəndlər var. Bizim məqsədimiz həm də odur ki, insanlar kəndlərdə yaşamağa davam etsin və məşğulluğu öz həyatlarının əsas prioritet istiqamətinə çevirsinlər.

Görülən işlər nəticəsində artıq kəndə gələn turistlərin sayı xeyli artıb. Vaxtilə il ərzində cəmi minə yaxın turist gəlirdisə, bu gün yay mövsümündə hər ay 2000-dən çox turist gəlir. Bu artım əsasən 2017–2019-cu illərlə müqayisədə son iki ildə baş verib. Çünki infrastruktur son iki ildə yaradılıb. Gələcəkdə də bu istiqamətdə işlər davam etdiriləcək. Xüsusilə kənddaxili yolların təmiri, küçələrin fasad işlərinin görülməsi planlaşdırılıb.

"Bu il kəndə gələn turistlərin sayı kifayət qədər yüksək olub.

Bu da onu göstərir ki, burada əhali artıq kənd təsərrüfatı fəaliyyətləri ilə məşğuldur. Gələn turistlər burada nəsə alırlar – məsələn, arıçılıq məhsulları, dəmirçilik və toxuculuq nümunələri və s. Gələcəkdə burada satış köşkü yaradılması planlaşdırılır ki, insanlar öz hazırladıqları məhsulları həmin satış köşkündə sata bilsinlər”, - deyə o qeyd edib.

Mayıl Ağaxanov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
modern.az

2Mənbələr