ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Ermənistanda prokuror Arman Bağdasaryan Şirak yeparxiyasının rəhbəri, hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunan arxiyepiskop Mikael Acapaxyana 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası tələb edib. Sentyabrın 29-da bu iş üzrə əlavə dinləmələr başlayıb. Yepiskopu həmçinin cərimə və 5 ilədək həbs cəzası gözləyir.
Ermənistanda kilsə-hökumət qarşıdurması hazırda hansı səviyyədədir?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, bu, Paşinyan hakimiyyətinin kilsə ilə münasibətlərinin, eyni zamanda Ermənistanda dini institutların siyasi gücə təsir imkanlarının göstəricisidir:
“Paşinyan hakimiyyəti 2018-ci il “məxməri inqilab”dan sonra daha çox sekulyar və qərbyönlü xətt yürüdür. Ermənistan Apostol Kilsəsi isə tarixən ölkənin ən güclü institutlarından biri olub və siyasətdə dolayı yollarla iştirak edib. Arxiyepiskop Acapaxyanın məhz “hakimiyyəti zorla ələ keçirməyə çağırış” kimi ağır siyasi ittihamla üzləşməsi bu gərginliyin pik nöqtəyə çatdığını göstərir. Baş verən bu hadisə Ermənistan cəmiyyətində mövcud olan “qərbyönlü islahatçılar” və “ənənəvi-mühafizəkarlar” arasında gedən mübarizənin bir növ simvoludur.
Kilsə tərəfdarları və mühafizəkarlar bu həbsi dini azadlığa qarşı hücum kimi qiymətləndirə bilərlər. Hökumət tərəfdarlarının isə bunu “dövlətə qarşı çağırışların qarşısının alınması” kimi əsaslandırması mümkündür”.
Politoloq qeyd edib ki, bu həbs Paşinyanın əsas rəqibi sayılan Baş Katolikos II Qareginə də xəbərdarlıq xarakteri daşıyır:
“Hazırda Ermənistan hökuməti dini rəhbəri vəzifədən uzaqlaşdırmaq üçün bir neçə ssenari üzərində işləyir. Bu ssenarilər arasında Baş katolikosu siyasi fəaliyyətdən əl çəkməyə məcbur etmək, onun yerinə alternativ bir şəxs tapmaq, Qareginin əleyhinə hüquqi iddia qaldırmaq, daxili rıçaqlarla (mitinqlər, ictimai təzyiq) onu istefaya məcbur etmək, dövlət qanunları vasitəsilə kilsənin fəaliyyətini məhdudlaşdırmaq kimi variantlar yer alır. Bunlar arasında ən real variant sonuncusudur – kilsənin fəaliyyətini qanunlarla məhdudlaşdırmaq.
Qareginin siyasi roldan müəyyən qədər uzaqlaşdırılması və kilsənin daha çox dini yönlü bir funksiyaya çəkilməsi hökumət üçün optimal yol hesab olunur. Çünki açıq siyasi qarşıdurma həm daxili narazılıq, həm də beynəlxalq qınaqla nəticələnə bilər. Həmçinin Qareginin nüfuzunu tamamilə sarsıtmaq da asan deyil. Onun arxasında bir çox din xadimlərinin və icmaların dəstəyi var.
Nəticə olaraq, hansı variantın həyata keçirilməsindən asılı olmayaraq, Ermənistanda hökumət–kilsə qarşıdurmasının bir müddət də davam edəcəyi şübhəsizdir”.
Turan Rzayev
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.