AZ

Əliyevin Avropa zirvəsində fəal iştirakı Rusiyaya qarşı gediş deyil...


Ceyhun Məmmədov: “…Azərbaycandan yox, özünün həyata keçirdiyi siyasətdən narahat olmalıdır”

Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak etdi.

Qeyd edək ki, “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edir.

Plenar iclaslarda və ondan sonra keçirilən dəyirmi masalarda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrit təhlükələr kimi mövzular müzakirə olunub.

“Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Avropada təhlükəsizlik məsələləri müzakirə edilib və Azərbaycan da müzakirələrdə iştirak edib. Avropanın təhlükəsizliyi Rusiyadan gələn təhdidlərlə bağlıdır. Belə şəraitdə Avropa təhlükəsizlik məsələlərinin müzakirə olunmasında Azərbaycanın da iştirakı Azərbaycan-Rusiya münasibətlərinə mənfi yöndə hansısa təsirləri göstərə bilərmi? Bu istiqamətdə nə gözlənilir?

Avropanın təhlükəsizlik məsələlərinin müzakirə platformalarında Azərbaycanın da iştirakı Rusiya ilə münasibətlərin bundan sonrakı vəziyyətinə necə təsir edə bilər?

Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə bildirdi ki, Rusiyanın atdığı addımlar səbəbindən bu gün Azərbaycan-Rusiya münasibətləri o qədər də yaxşı deyil: “Eyni zamanda Rusiyanın yeritdiyi yanlış siyasət səbəbindən hazırda bu ölkənin vəziyyəti yaxşı deyil. Əslində Tramp hakimiyyətə gələndə Rusiyaya çox yaxşı təkliflər vermişdi, amma çox təəssüf ki, Rusiya tərəfi bu təkliflərin heç birini nəzərə almadı. Ona görə də biz bu gün Rusiyanın çox çətin mərhələyə daxil olduğunu görürük. Rusiya yalnız bir ölkəyə - Ukraynaya yox, bütün dünyaya təhdid yaradır və bütün dünya bunu neytrallaşdırmağa çalışır. Belə olduğu təqdirdə, Azərbaycanın Rusiyanın yanında olması mümkün deyil. Bu gün cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın apardığı, həyata keçirdiyi siyasət doğru bir siyasətdir. Rusiya bu məsələdə maraqlı olacaqsa, Azərbaycandan yox, özünün həyata keçirdiyi siyasətdən narahat olmalıdır. Yəni son illər eyni zamanda Rusiya rəsmilərinin bizə qarşı o qədər də yaxşı olmayan müxtəlif açıqlamaları – “işğal edəcək”, “Azərbayana daxil olacaq” kimi təxribatçı bəyanatları məlumdur. Azərbaycan bizə qarşı belə bəyanatlar səsləndirən ölkənin yanında ola, onun siyasətini dəstəkləyə bilməz. Ona görə də hesab edirəm ki, bundan sonra Rusiya-Azərbaycan münasibətlərinin korlanması Rusiyanın özündən asılıdır. Rusiya bu addımlara, bu təxribatlara, bu yanaşmalara son qoymalıdır. Biz münasibətlərin inkişafında maraqlıyıq”.

C.Məmmədov əlavə etdi ki, amma Rusiya fərqli mövqedədirsə, fərqli yanaşırsa, bu onun öz problemidir, Rusiya bunu etməməli, bu cür addımları atmamalı idi. “Əgər bu addımları atıbsa, bu, Rusiyanın özünün apardığı siyasət nəticəsində baş verən yanlış bir siyasət, yanlış bir addım kimi qəbul edilməlidir” deyə millət vəkili qeyd etdi.

İradə SARIYEVA

Seçilən
43
baki-xeber.com

1Mənbələr