AZ

Azərbaycanda II Milli Rəqabət Forumu keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə II Milli Rəqabət Forumu keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun təmsilçiləri və digər maraqlı tərəflər iştirak ediblər.

Forum müasir iqtisadi şəraitdə rəqabət siyasətinin təhlili, təbii inhisarların fəaliyyətinin tənzimlənməsi, bu sahədə mövcud çağırışlar və ictimai maraqların qorunması, eləcə də effektiv və ədalətli bazar münasibətlərinin formalaşdırılması istiqamətində fikir mübadiləsinin aparılması məqsədilə təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin çıxışları dinlənilib.

Çıxışlar zamanı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyəti barədə məlumat verilib, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi və iqtisadiyyatın diversifikasiyası üçün əlverişli rəqabət şəraitinin vacibliyi, eləcə də kiçik və orta biznesin inkişafında, iqtisadiyyatın inklüzivliyinin təminində və sosial rifahın artırılmasında rəqabət siyasətinin stimullaşdırıcı rolu diqqətə çatdırılıb. Rəqabət Məcəlləsinin qəbulunun ədalətli və şəffaf iqtisadi mühitin formalaşdırılması, sahibkarlıq subyektləri üçün bərabər imkanların yaradılması, hüquqi müəyyənliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, forumda müzakirə olunan məsələlər rəqabət siyasətinin gələcək prioritetlərinin müəyyən edilməsinə, dinamik və dəstəkləyici tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsinə əhəmiyyətli töhfə verəcək.

Forum panel müzakirələri ilə davam etdirilib. Agentliyin sədrinin müşaviri Cəfər Babayevin moderatorluğu ilə keçirilən “Müasir rəqabət çağırışları və dəyişən siyasət: Rəqabət siyasətinin iqtisadi inkişafda rolu” mövzusunda paneldə “Pasha Holding”in baş icraçı direktorunun müavini Dəyanət Sədullayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Müseyibov, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov və “PricewaterhouseCoopers (PwC) Azerbaijan” şirkətinin Hüquq praktikasının direktoru Elçin Məmmədovun çıxışları dinlənilib.

Müzakirələr zamanı rəqabət siyasətinin iqtisadi inkişafda rolu, rəqabət tənzimləmələrinin biznes mühitinə təsirləri, rəqəmsal platformalarda meydana çıxan yeni rəqabət çağırışları, transsərhəd rəqabət pozuntularının qarşısının alınması, eləcə də ötən il qəbul olunmuş Rəqabət Məcəlləsinin bazar iştirakçılarının davranışlarına ilkin təsirləri kimi mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

“Təbii inhisarların tənzimlənməsi: Rəqabət və ictimai maraqlar” adlı növbəti panel müzakirəsi agentliyin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalının moderatorluğu ilə baş tutub. Müzakirədə “Azerconnect Group”un baş direktorunun müşaviri Nicat İsmayılov, “Azəriqaz” İB-nin baş direktorunun strategiya və dayanıqlılıq üzrə müavini Təbriz Əmmayev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Hüquq və sənədlərlə iş departamentinin direktoru Oktay Məhərrəmov iştirak ediblər.

Panel müzakirəsində təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsinin əsas prinsipləri, enerji, nəqliyyat, telekommunikasiya, su təsərrüfatı və digər strateji sahələrdə təbii inhisar subyektlərinin fəaliyyətində ictimai maraqların qorunması, təbii inhisar subyektlərinin maliyyə dayanıqlılığının təmin edilməsi, eləcə də özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektləri ilə təbii inhisarların qarşılıqlı fəaliyyətinin təşkili məsələləri müzakirə edilib.

Panel müzakirələrinin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seçilən
15
4
sia.az

5Mənbələr