AZ

ADU məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi konfransının açılışı olub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də “Azərbaycan Dillər Universitetinin məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi” regional konfransının Cənub və Şimal-Qərb bölgələrindən sonra növbəti – üçüncü regional konfransı (Qazax, Tovuz, Ağstafa, Şəmkir, Gədəbəy) keçirilib. Azərbaycan Dillər Universiteti (ADU) bu layihəsini üçüncü dəfə yüksək səviyyədə keçirərək, strateji inkişaf planına uyğun olaraq məzunlarını diqqətdə saxlayır.

ADU-dan AZƏRTAC-a bildirilib ki, konfrans Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü məktəb-liseyində təşkil edilib.

Tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ADU-nun bu layihəsinin aktual olduğunu qeyd edib. Bildirilib ki, konfransın Qazax rayonunda keçirilməsi həm də rayon ziyalılarına, elm adamlarına, müəllimlərə olan münasibətin bariz nümunəsidir.

Eyni zamanda, elm, mədəniyyət və incəsənət yurdu olan Qazax rayonunun tarixən alimləri, ziyalıları ilə seçildiyi, təhsilin inkişafına böyük töhfələr verdiyi diqqətə çatdırılıb.

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla çıxışında ADU-nun hər zaman öz məzunlarını diqqətdə saxladığını söyləyib. Qeyd edib ki, bu məqsədlə regionlarda əmək fəaliyyəti ilə məşğul olan məzunlarla mütəmadi əlaqə saxlanılır, universitetin peşəkar professor-müəllim heyəti tərəfindən təlim və seminarlar təşkil olunur: “Məzunlarla görüşmək bizim üçün sevindirici haldır. Belə görüşlər onların peşə vərdişlərinə və peşəkarlıq səviyyəsinə müsbət təsir göstərir. Bizi düşündürən məsələlər əsasən məzunlarımızın pedaqoji fəaliyyətini dəstəkləmək, onları yeni tədris metodları ilə tanış etməkdir. Keçiriləcək seminarlar, təlimlər, görüşlər gələcək elmi əməkdaşlıq üçün də əlverişli imkanların yaradılması deməkdir”.

Qeyd olunub ki, ADU-nun region təhsil qurumları ilə elmi və mədəni əməkdaşlıq üçün əlverişli imkanları mövcuddur.

Tədbirdə ADU-da tədris olunan xarici dillər barədə məlumat verilib, QS reytinqlərində universitetin nailiyyətlərindən söz açılıb. Vurğulanıb ki, ADU son illər beynəlxalq əlaqələrin qurulmasında fəallığı ilə seçilir. Bu da təhsilin keyfiyyətinə və tədrisin müasir metodlarla aparılmasına mühüm təsir göstərir.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov konfransın müəllimlər üçün əhəmiyyətindən bəhs edib. Bildirib ki, ADU öz məzunlarının əmək fəaliyyətinə önəm verir, onların bilik və bacarıqlarının inkişafını diqqətdə saxlamaqla işinə məsuliyyətlə yanaşdığını göstərmiş olur.

ADU-nun 2015-ci il məzunu, Qazax rayon 5 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Zəhra İsmayılova konfransla bağlı təəssüratlarını bölüşüb. O vurğulayıb ki, ADU hər zaman məzunlarına diqqət və qayğı göstərib, bu da məzunları daha da həvəsləndirərək işlərinə məsuliyyətli yanaşmalarına kömək edib.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
azertag.az

2Mənbələr