AZ

Qəfil ölüm sindromu - səssiz təhlükə

Tibbin əsas tövsiyələrindən biri ildə bir neçə dəfə müayinədən keçməkdir, xüsusən indiki vaxtlarda

Bəzən insan həyatın bütün planlarını bir anın içində itirir. Heç bir xəbərdarlıq etmədən, heç bir öncəki əlamət göstərmədən. Sağlam görünən, gülən, sabah üçün planlar quran bir insan birdən-birə gözümüzün önündə yoxa çıxır. Məncə, insanı ən çox sarsıdan da elə bu ani gedişdir. Həyatın nə qədər kövrək olduğunu ancaq belə məqamlarda dərk edirik. Hərdən xəbərlərdə oxuyuruq, sağlam görünən bir insan qəfil ürəyini tutdu, ya da heç bir şikayəti olmayan biri yolda, işdə, evdə gözlənilmədən həyatını itirdi. İlk baxışda adi, təsadüfi bir hal kimi görünür. Amma, bu hadisələrin arxasında daha böyük bir problem dayanır- "qəfil ölüm sindromu". Bu sindrom elə bir təhlükədir ki, heç bir xəbərdarlıq etmədən qapını döyür, heç bir öncədən işarə vermədən həyatları alt-üst edir. Bəzən biz sağlamlığımızı yalnız xəstə olanda xatırlayırıq. Halbuki, düşünürəm ki, həyatın ən böyük dəyəri elə həyatın özüdür. İnsan hər gün yüzlərlə plan qurur, gələcək haqqında xəyallar edir. Amma qəfil ölüm sindromu bütün bu xəyalları saniyələr içində yarımçıq qoya bilir. Məncə, ən qorxulusu da elə budur: həyatın gözlənilmədən dayanması. Qəfil ölüm təkcə bir insanın yoxluğu deyil, həm də bir ailənin dağılması, bir neçə taleyin dəyişməsi deməkdir. Bir insanın qəfil yoxluğu arxada qalanların həyatında dərin boşluq qoyur. Məncə, bu məqam da hər kəsə aydın olmalıdır.  Sağlamlığımıza laqeyd qalmaq sadəcə şəxsi məsələ deyil, həm də ətrafımıza qarşı məsuliyyətdir.

Əslində, biz hamımız bu təhlükə ilə iç-içə yaşayırıq. Sadəcə onu görmürük. Amma məncə, qorxmaq yox, hazır olmaq lazımdır. Özümüzü qorumağın ən sadə yolları var: mütəmadi müayinədən keçmək, həyat tərzimizi diqqətdə saxlamaq, bədənimizi dinləmək. Çünki insan bədəni çox vaxt siqnallar verir- sadəcə biz onları eşitmək istəmirik.

Məsələnin başqa bir tərəfi də var. Bu sindrom təkcə yaşlıların deyil, gənclərin də həyatına son qoya bilir. Dünya statistikası göstərir ki, gənclərin də ürək dayanması halları getdikcə artır. Məncə, bu, valideynlər üçün də ciddi bir siqnaldır.  Bu mövzu hər kəsin həyatına aiddir. Çünki heç kim sabahını bilmir. Amma hər kəs bu günündən məsuliyyət daşıyır. Mövzunun əhəmiyyətini nəzərə alaraq  bu barədə peşəkar rəylərə müraciət etdik. Qəfil ölüm sindromunun səbəbləri, risk qrupları və ondan qorunma yolları ilə bağlı  Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, Tibb üzrə fəlsəfə  doktoru  Ülvi Mirzəyev Olaylar.az-a açıqlama verib:

" Qəfil ölüm sindromu həqiqətən də "səssiz təhlükə"dir. Əksər hallarda ürək mənşəli olur və tibbi ədəbiyyatda qəfil ürək ölümü kimi tanınır. Bu sindrom əsasən 35-70 yaş aralığında, xüsusən də ürək-damar xəstəlikləri olan şəxslərdə daha çox müşahidə olunur. Amma irsi kanalopatiyalar və kardiomiopatiyalar səbəbilə gənc yaşlarda da baş verə bilər. Risk faktorlarına hipertoniya, şəkərli diabet, hiperlipidemiya, artıq çəki, siqaret, fiziki passivlik və stress daxildir. İrsi genetik meyllər də mühüm rol oynayır. Son illərdə qəfil ürək ölümlərinin artması bir tərəfdən tibbi səbəblərlə bağlıdır - ürək çatışmazlığı, kəskin koronar sindrom, aritmiyalar. Digər tərəfdən isə müasir həyat tərzi də böyük təsir göstərir: stress, sürətli və qeyri-sağlam qidalanma, fiziki hərəkətsizlik, yüksək iş yükü və yuxu pozuntuları. Əksər hallarda qəfil ölüm xəbərdarlıq etmədən baş verir, amma bəzi əlamətlər siqnal ola bilər: tez-tez baş verən sinə ağrıları, təngnəfəslik, səbəbsiz yorğunluq, tez-tez başgicəllənmə və ya huşunu itirmə halları, ürək döyüntülərinin pozulması. Risk qrupunda olan şəxslər mütəmadi olaraq kardioloji müayinədən keçməlidirlər:

Elektrokardioqramma (EKQ) , exokardioqrafiya, ehtiyac olduqda holter monitorinqi və stress testləri , qanda şəkər və lipid profilinin yoxlanması

Sağlamlıq üçün ən vacibi isə həyat tərzidir: balanslı qidalanma, gündəlik fiziki aktivlik, siqaretdən imtina, təzyiq, şəkər və xolesterinin nəzarətdə saxlanması".

Bu mövzuda-qəfil ölümlərin səbəbləri haqqında həmçinin  Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev də Olaylar.az-a öz fikirlərini bildirib:

" Qəfil ölümlərin çox səbəbləri var. Ölüm yekunda iki orqanla əlaqəli olur: ürək-damar mərkəzinin dayanması və tənəfüs mərkəzinin dayanması. Bu ikisi həyatı göstərən ən vacib amillərdir. Təcili yardım zamanı da birinci diqqət edilən bu olur: ürək dayanmasının qarşısını almaq və tənəfüsü bərpa etmək. Qalan hallarda isə gündəlik xroniki müalicə tətbiq olunur. Qəfil ölümlər yalnız genetik faktorlarla bağlı deyil. Əsas səbəblər düzgün həyat şəraiti və düzgün həyat fəaliyyəti ilə əlaqədardır. İnsan düzgün qidalanmır, bədəninə uyğun hərəkətlər etmir, hərəkətsiz vaxtını çox keçirir. Qan qatılaşması da qəfil ölümlər üçün çox təhlükəlidir. Qan qatılaşır, damarlar tutulur, tromblar yaranır və qanın getdiyi orqanın işi pozulur. Ürəkdə olarsa, buna miokard infarktı deyilir. İnfarkt digər orqanlarda da ola bilər, bu halda həmin orqanın qidalanması pozulur. Ürəkdə olarsa, nəticədə ürək dayanır və insan orqanizmi fəaliyyətini dayandırır. Ürək, damar, tənəfüs və beyin sistemi qəfil ölümlərdə əsas faktorlardır.

Bununla birlikdə, qəfil ölümlərin səbəbləri çoxdur: keçirilmiş xəstəliklər, natəmiz hava və su, ekoloji problemlər, siqaret çəkmək, stress və gərginliklər. Bunlar insan bədənini zəiflədir, immun sistemini azaldır və nəticədə hər hansı bir hadisə nəticəsində qəfil ölümlərə səbəb ola bilər. Qəfil ölümlər daha çox cavan nəsildə müşahidə olunur. Xüsusən siqaret, narkotik maddələr və spirtli içki istifadəsi insan bədənini ağır xəstəliklərə açıq edir. Keçirilmiş infeksion xəstəliklər, virus və mikrob xəstəlikləri, bədəni zəiflədir və qəfil ölümlərə səbəb ola bilər. Tibbi ekspertizada ölümün səbəbini müəyyən etmək mümkündür.

Normal həyat şəraiti saxlamaq, həyatda təmkinli və səbirli olmaq, patoloji proseslər baş verdikdə həkimə müraciət etmək qəfil ölümlərin qarşısını almağa kömək edir. Ona görə də tibbin əsas tövsiyələrindən biri ildə bir neçə dəfə müayinədən keçməkdir, xüsusən indiki vaxtlarda".

Qəfil ölüm sindromu - səssiz, amma həyatımızı daim hədələyən təhlükədir. Ekspert rəyləri və gündəlik həyatdan gələn müşahidələr göstərir ki, bu sindrom heç bir yaş qrupunu tamamilə əhatə etmir. Həm gənclər, həm də orta yaşlılar və yaşlılar risk altındadır. Onu yalnız "yaşlıların problemi" kimi qiymətləndirmək böyük yanılmadır. Modern həyatın tələbləri, sürətli həyat ritmi, stres və fiziki hərəkətsizlik, düzgün qidalanmama kimi faktorlar gənc nəsli də ürək-damar problemləri qarşısında həssas edir.

Ekspertlərin açıqlamaları bunu bir daha təsdiqləyir: ürək və tənəfüs sistemindəki nasazlıqlar, qan dövranı pozuntuları və digər xəstəliklər qəfil ölüm riskini yüksəldir. Bununla yanaşı, siqaret, alkoqol, narkotik, düzgün qidalanmama, fiziki hərəkətsizlik, stress və yuxu pozuntuları kimi müasir həyat tərzi amilləri də əhəmiyyətli rol oynayır. Qəfil ölüm həm də yalnız bir fərdin yoxluğu deyil, arxada qalan ailənin və yaxın ətrafın həyatını dərindən dəyişdirir, emosional və psixoloji boşluq yaradır. Belə hallarda bir insanın yoxluğu yalnız fiziki deyil, sosial və emosional təsirlər də doğurur.

Buna görə də ən vacib məsələ qorxmaq deyil, hazırlıqlı olmaqdır. Mütəmadi tibbi müayinə, EKQ, exokardioqrafiya, holter monitorinqi və stress testləri riskləri müəyyən etməyə və onların qarşısını almağa imkan verir. Həyat tərzimizə diqqət yetirmək, balanslı qidalanmaq, fiziki aktivliyi artırmaq, siqaretdən və digər zərərli vərdişlərdən uzaq durmaq, həmçinin stressi idarə etmək və yuxunu nizamlı saxlamaq qəfil ölümlərin qarşısını almaqda əsas rol oynayır. Unutmamalıyıq ki, həyat hər an kövrək və qiymətlidir. Hər gün etdiyimiz kiçik seçimlər - qidalanma, fiziki fəaliyyət, stresslə davranışımız uzunmüddətli nəticələrə təsir göstərir. Sağlamlığımızı qorumaq, mütəmadi müayinələrə getmək, özümüzə qayğı göstərmək sadəcə şəxsi seçim deyil, həm də ailəmizə, ətrafımıza qarşı borcumuzdur. Çünki qəfil ölüm yalnız bir insanı deyil, bütöv bir ailəni, bir neçə taleyi yarımçıq qoyur. Qəfil ölüm sindromu səssizdir, amma nəticələri çox səs-küylüdür- göz yaşında, yarımçıq qalan xəyallarda, pozulan ailə tablosunda. Məncə, biz bu səssiz təhlükəyə laqeyd qalmamalıyıq. Sağlamlığımızı sabah yox, elə bu gün düşünməliyik.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr