AZ

Paytaxt müəllimləri təltif edildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində çalışan bir qrup təhsil işçisi 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib.

 

Modern.az. xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.

 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbir iştirakçılarını salamlayan Nərminə Hüseynova cəmiyyətin aparıcı qüvvəsi olan təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

 

N.Hüseynova təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Elm və Təhsil Nazirliyi tərəfindən 16 təhsil işçisinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 30 təhsil işçisinin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” və 92 təhsil işçisinin BŞTİ-nin Təşəkkürnaməsi ilə təltif olunduğunu qeyd edib.

 

Dövlət başçısı İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində aparılan islahatlardan danışan N.Hüseynova ölkəmizdə təhsil işçilərinin, xüsusən də müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

 

MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev müəllim nüfuzunun artırılması, nüfuzlu təhsilverənlərin formalaşdırılması istiqamətində dövlətin təhsil siyasətinə uyğun olaraq məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb, ölkəmizin intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərən təhsilverənlərə gələcək işlərində uğurlar arzulayıblar.

 

Təhsil işçiləri onların əməyinə verilən dəyərə görə təşəkkürlərini bildirib və bundan sonra da üzərlərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gələcəklərini söyləyiblər.

 

Sonra təltif olunmuş 46 təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim edilib.

 

Pedaqoji fəaliyyətində səmərəli xidmətlərinə görə 92 təhsil işçisi BŞTİ tərəfindən Təşəkkürnamə ilə təltif edilib.

 

Tədbirdə 2, 3, 5, 7 və 8 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin ifasında müxtəlif musiqi və rəqs nömrələri təqdim olunub.

Seçilən
18
18
modern.az

10Mənbələr