AZ

Fransa Azərbaycana qarşı yanlış kursdan dönür? - Makronun Kopenhagendən mesajı...


Züriyə Qarayeva: “...Dialoqunda müəyyən yumşalmaların başlandığını göstərir”

Prezident İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Prezidenti Emmanuel Makron ilə görüşü olub. Qeyd edək ki, Prezident Əliyevin Kopenhagendə keçirdiyi görüş qarşı tərəfin müraciəti əsasında baş tutub.

Fransa Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələr münasibətilə Azərbaycan Prezidentini təbrik edib. Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələrin regional sülh gündəliyinin irəli aparılması üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Prezident Əliyev hazırda sülh gündəliyinin irəliyə aparılması üçün müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd edib. Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Güman etmək olarmı ki, Fransa hakimiyyəti Azərbaycanla əlaqələrə yenidən baxacaq və iki ölkə arasında münasibətlər müharibədən əvvəlki səviyyədə olacaq?

“Əgər Fransa tərəfi qərəzsiz mövqe sərgiləsə, münasibətlərin tədricən normallaşması mümkündür”

Politoloq Züriyə Ruslanqızı (Qarayeva) “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Makronun Kopenhagendə baş tutan görüşü iki ölkə münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər: “Makronun Azərbaycanla Ermənistan arasında əldə olunmuş nəticələrlə bağlı Prezident Əliyevi təbrik etməsi Parisin regionda sülh təşəbbüslərinə daha konstruktiv yanaşmağa hazır olduğunun göstəricisidir. Fransa hakimiyyətinin indiyədək sərgilədiyi birtərəfli mövqelərin fonunda bu görüş mühüm siyasi jest kimi çıxış edir.

Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton formatında əldə edilmiş razılaşmanı “tarixi əhəmiyyətli nəticə” kimi qiymətləndirməsi həm ABŞ-ın prosesdəki rolunu, həm də sülh gündəliyinin artıq geridönməz bir xətt üzrə inkişaf etdiyini göstərir. Bu, eyni zamanda, Fransa üçün də reallıqla hesablaşmaq zərurətini ortaya qoyur. Çünki regionda davamlı sülhün qurulması təkcə Bakı və İrəvanın deyil, həm də Avropa dövlətlərinin maraqlarına uyğundur.

Münasibətlərin müharibədən əvvəlki səviyyəyə tam olaraq qayıtması hələlik real görünməsə də, bu görüş Fransa-Azərbaycan dialoqunda müəyyən yumşalmaların başlandığını göstərir”.

Z.Ruslanqızının fikrincə, Parisin bundan sonrakı mövqeyi həm sülh prosesinə verəcəyi real dəstəkdən, həm də ikitərəfli əməkdaşlıqda praktiki addımlar atmasından asılı olacaq: “Əgər Fransa tərəfi qərəzsiz mövqe sərgiləsə, münasibətlərin tədricən normallaşması mümkündür”.

İradə SARIYEVA

Seçilən
92
baki-xeber.com

1Mənbələr